Menu

Tramp və Putin razılaşsa, Zelenski hansı seçim qarşısında qalacaq? - YENİ SSENARİ

20.11.2026, 16:30
Tramp və Putin razılaşsa, Zelenski hansı seçim qarşısında qalacaq? - YENİ SSENARİ

Ukrayna müharibəsinin dayandırılması istiqamətində ABŞ və Rusiya arasında mümkün razılaşmaların Kiyevin və Avropa İttifaqının iştirakı olmadan əldə edilməsi məsələsi beynəlxalq siyasətin əsas müzakirə mövzularından birinə çevrilib. Vaşinqton və Moskvanın danışıqlarda hansı şərtlər üzərində razılığa gələ biləcəyi, Ukraynanın gələcək taleyinin necə müəyyənləşəcəyi və Avropanın bu prosesdəki rolu ciddi suallar doğurur. Xüsusilə, Avropa dövlətlərinin öz təhlükəsizlik maraqlarını qorumaq cəhdi danışıqların gedişinə və mümkün sülh razılaşmasının şərtlərinə təsirsiz ötüşməyə bilər. 

Bəs ABŞ və Rusiya Ukraynanın taleyini Kiyevsiz həll edə bilərmi? Avropanın danışıqlarda iştirakının hansı nəticələrə gətirib çıxarması mümkündür? 

Mövzunu "AzPolitika"ya şərh edən politoloq Elşən Manafov bildirib ki, hazırkı geosiyasi reallıqlar fonunda ABŞ və Rusiyanın rəsmi Brüssel və Kiyevin iştirakı olmadan Ukrayna problemini həll etməsi mümkün görünmür. Bunu Çində keçirilən danışıqlar zamanı Rusiya Prezidenti Vladimir Putin də etiraf edib:

"Məsələ burasındadır ki, Avropa İttifaqı (Aİ) dövlətlərinin liderləri problemin həllinə köhnə qitənin təhlükəsizlik sisteminin yeni arxitekturasının formalaşdırılması perspektivindən yanaşırlar. Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün qorunması Avropanın təhlükəsizlik sisteminə ən yüksək təminatların verilməsi baxımından qiymətləndirilir. Almaniya kansleri Fridrix Merts, eləcə də Polşanın xarici işlər naziri Radoslav Sikorski Aİ-nin yeni Yalta razılaşmalarına razı olmayacağı ilə bağlı bəyanatlar səsləndiriblər. Hazırda Ukrayna müharibəsində Avropanın iştirakı kontekstində bu açıqlamalar vasitəsilə ABŞ və Rusiyaya verilən mesajlar kifayət qədər aydındır. Artıq xeyli müddətdir ki, Ukrayna əsasən Avropa İttifaqının maliyyə və hərbi dəstəyi hesabına müqavimətini davam etdirir. ABŞ-ın maliyyə və hərbi yardımı isə əvvəlki dövrlə müqayisədə hiss olunacaq dərəcədə azalıb. Digər tərəfdən, Bayden administrasiyasından fərqli olaraq, Tramp müharibənin maliyyə yükünü öz üzərinə götürmək istəmir. O, əsasən silahların Ukraynaya satılmasından danışır. Tramp müharibə xərclərinin NATO üzrə müttəfiqlərin üzərinə qoyulmasını gündəmə gətirməklə ABŞ-ın NATO sistemindəki çəkisini və əhəmiyyətini avropalılara bir daha xatırladır. Bununla Vaşinqton müttəfiqlərinə ABŞ-ın təhlükəsizlik təminatlarının əhəmiyyətini anlatmağa, Avropanın ABŞ-dan və NATO-dan asılılığını qorumağa çalışır. NATO üzvlərinin müdafiə xərclərinin ÜDM-in 5 faizinə çatdırılması ilə bağlı təklif də bu strategiyanın tərkib hissəsidir. Avropa İttifaqı əlbəttə ki, bütün bunların fərqindədir. Lakin özünün geosiyasi çəkisinin və nüfuzunun zəifləməsinə imkan verməmək üçün Ukrayna müharibəsinin doğurduğu problemlərin bütün yükünü daşımaq niyyətində deyil. Daha doğrusu, müharibənin davam etməsində maraqlı olan, Aİ daxilindəki qlobalist dairələri təmsil edən siyasətçilər bu yükün altından çıxmaq istəmirlər. Onlar hələ də müharibə vasitəsilə Rusiyanı zəiflədəcəklərinə, hətta parçalanmasına nail olmaqla onun nəhəng təbii sərvətlərinə yiyələnəcəklərinə ümid edirlər. Lakin Avropa İttifaqı ölkələrində keçirilən etiraz aksiyaları və onların miqyası göstərir ki, müharibə xərclərinin əsas ağırlığını daşıyan vergi ödəyiciləri qlobalist dairələrin geosiyasi maraqları naminə başlanan müharibənin yaratdığı sosial və iqtisadi problemlərdən artıq beziblər".


Politoloqun sözlərinə görə, bu kontekstdə Aİ ölkələrində keçiriləcək seçkilərdə kütlənin rəğbətini populist vədlərlə qazanmağa çalışan ultrasağ qüvvələrin uğur əldə etməsi istisna deyil:

"Fransada Emmanuel Makronun nüfuzunun aparılan sorğulara əsasən 14 faiz civarında olduğu bildirilir. Müxalif siyasətçi Marin Le Penin seçkilər sabah keçirilsəydi, seçicilərin 61 faizinin səsini qazanacağı, sol mərkəzçi siyasətçi Jan-Lük Melanşonun isə 34 faizlik göstəriciyə malik olduğu iddia edilir. Ən maraqlısı isə budur ki, bu siyasətçilərin hər ikisi hakimiyyətə gələcəkləri təqdirdə Ukraynaya yardımı dayandıracaqlarını vəd edirlər. Almaniyada Mertsin partiyasının regional seçkilərdə məğlubiyyətləri, üstəlik, Almaniya üçün Alternativ (AfD) partiyasının seçkilərdə uğur qazanmaq perspektivi nəzərə alınarsa, istər Almaniyada, istərsə də Mərkəzi Avropada siyasi elitaların dəyişəcəyi birmənalıdır. Britaniya hökumətinin isə AB-dən kənarda uzun muddət Zelinski rejiminə təkbaşına dəstək verəcəyi inandırıcı deyil. ABŞ-a gəlincə, təxminən 1 aydan sonra demokratların Tramp iqtidarının xarici və daxili siyasətinə təsir imkanları artacaq. Hərçənd Tramp veto huququndan istifadə edib demokratların qurduğu sədləri adlamağa səy göstərəcək. Digər tərəfdən, Trampın əsas qayğısı İsraildir. Daha doğrusu Tramp onu İranla toqquşmadan çəkindirmək,Netenyahunu zərbə altından çıxartmaq istəyir. Buna görə də o Zelinskiyə Rusiyaya ərazi güzəştləri müqabilində perspektivdə NATO-ya qəbul olunmaq vədləri verə bilər. Lakin nəzəri əsasları olsa belə Putin Ukraynanın əbədi bitərəf qalacağı ilə bağlı yüksək hüquqi təminatları almayana qədər, müharibəni dayandırmayacaq. ABŞ demokratları arasında isə qlobalistlərin mövqeyi tədricən zəifləyəcək. Bunu sosialistlərin seçkilərdə əldə etdiyi qələbələr də sübut edir. Maraqlıdır ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio da Konqresdəki çıxışında etiraf edib. Ukrayna probleminin həlli bu konteksdə təkcə qlobal güclərin iradəsindən asılı olmayaraq həllini tapmayacaq. Buna daha çox Avropa və Rusiyanın özundə yaşanan siyasi və sosial hadisələr güclü təsir göstərəcək".

Müşviq Tofiqoğlu

AzPloitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol