Ukraynaya endirilən kütləvi hava zərbələri zamanı Polşanın hava məkanı pozulub. Rəsmi Varşava hadisəni Rusiyanın təxribatı kimi qiymətləndirərək ölkənin hərbi-siyasi rəhbərliyini təcili toplantıya çağırıb.
“AzPolitika” xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X" sosial şəbəkəsindəki hesabında hava məkanının pozulması ilə əlaqədar bu gecə Hərbi Departamentdə fövqəladə iclas keçiriləcəyini açıqlayıb.
Baş nazir Donald Tusk da vəziyyətlə bağlı ordu və xüsusi təyinatlı qüvvələrin rəhbərliyi ilə təcili müşavirə keçirib.
Qərb mediasının yaydığı məlumata görə, Polşa mediası ilkin məlumatlara əsaslanaraq hava məkanını pozan obyektin raket olduğunu yazır. Hadisə qeydə alınan kimi Polşa Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri dərhal havaya qaldırılıb.
Əsas versiyaya görə, ölkənin hava sərhədləri Rusiya istehsalı olan X-101 qanadlı raketi tərəfindən pozulub. Müdafiə naziri Kosinyak-Kamış da raketin Rusiya mənşəli olduğunu təsdiqləyərək, baş verənləri açıq "təxribat" adlandırıb.
Hadisə Polşanın şərqində, Ukrayna ilə sərhədə yaxın Lublin voyevodalığının Novı Lipovets kəndi yaxınlığında qeydə alınıb.
Ölkənin daxili işlər naziri Marçin Kervinski bildirib ki, hazırda ərazidə gücləndirilmiş axtarış-xilasetmə tədbirləri görülür. Onun sözlərinə görə, pilotsuz uçuş aparatlarından (PUA) və ya raketlərdən düşən qalıqların ola biləcəyi daha iki fərqli nöqtədə axtarışlar davam etdirilir.
Xatırladaq ki, noyabrın 20-nə keçən gecə Rusiya ordusu Ukraynanın qərb vilayətləri də daxil olmaqla ölkə ərazisinə genişmiqyaslı hava hücumu həyata keçirib. Zərbələr nəticəsində yaşayış binalarına və sənaye müəssisələrinə ciddi ziyan dəyib, ölən və yaralananlar var. Polşa hava məkanının da məhz bu hücum zamanı pozulduğu ehtimal olunur.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər