Menu

Minlərlə "Visa", "Mastercard" müştərisinin məlumatları oğurlanıb - Maliyyə nəhənglərinə qarşı kiberhücum

20.11.2026, 16:57
Minlərlə "Visa", "Mastercard" müştərisinin məlumatları oğurlanıb - Maliyyə nəhənglərinə qarşı kiberhücum

Dünyanın aparıcı ödəniş sistemləri və ABŞ-nin ən böyük bankı irimiqyaslı kiberhücumla üzləşib. "The Wall Street Journal" nəşrinin yaydığı məlumata görə, hakerlər "Visa" və "Mastercard" kart istifadəçilərinin, eləcə də "JPMorgan Chase" bankının minlərlə müştərisinin şəxsi məlumatlarını ələ keçiriblər.

“AzPolitika” xəbər verir ki, kibercinayətkarlar birbaşa bankların öz sistemlərinə deyil, həmin maliyyə qurumlarına xidmət göstərən üçüncü tərəf (podratçı) təşkilatların infrastrukturuna sızaraq məlumatlara çıxış əldə ediblər.

Məsələ ilə bağlı adıçəkilən maliyyə nəhəngləri rəsmi açıqlama yayaraq sızıntının miqyasını dəqiqləşdirməyə çalışıblar:

"Visa" şirkətinin nümayəndəsi bildirib ki, hakerlər Asiya-Sakit Okean regionundakı xidmət təminatçısını hədəf alıblar. Bununla belə, hücumçuların istifadəçilərin birbaşa ödəniş məlumatlarına (kart nömrələri, şifrələr və s.) çıxış əldə edə bilmədiyi vurğulanıb.

"Mastercard" isə ödəniş sistemi məlumat sızıntısının yalnız imtiyazlı şərtlərə malik xüsusi kart sahiblərinin məlumatlarını əhatə etdiyini açıqlayıb.

"JPMorgan Chase" - ABŞ-nin ən böyük kredit təşkilatı olan bank da xidmət təminatçılarının kiberhücuma məruz qaldığını təsdiqləyib. Bankın sözçüsü qeyd edib ki, ilkin araşdırmalara əsasən, sızıntı yalnız marketinq məlumatlarına - yəni müştərilərin adları və elektron poçt ünvanlarına aiddir. Bank zərərçəkmiş müştərilərlə dərhal əlaqə saxlanılacağını bildirib.

Qeyd edək ki, bu kiberhücum ABŞ dövlət qurumlarının və iri korporasiyaların sistemlərində ard-arda yaşanan ciddi texniki nasazlıqlar fonunda baş verib.

Həftənin əvvəlində "JPMorgan Chase" və digər bir sıra banklarda proqram təminatı xətası səbəbindən maliyyə əməliyyatlarının icrasında ciddi ləngimələr yaranmışdı. Bank rəsmiləri son məlumat sızıntısının həftə əvvəlki texniki nasazlıqla heç bir əlaqəsinin olmadığını xüsusi vurğulayıblar.

Bundan başqa, ötən həftə ABŞ Federal Aviasiya İdarəsinin (FAA) hava hərəkətinə nəzarət mərkəzlərində yaranan rabitə nasazlığı ucbatından ölkə üzrə bütün uçuşlar 4 saatdan çox müddətə dayandırılmışdı. Eyni zamanda, texnologiya nəhəngi "Microsoft" və dünyanın ən böyük aviaşirkətlərindən biri olan "United Airlines"ın sistemlərində də genişmiqyaslı texniki problemlərin yaşandığı bildirilir. Mütəxəssislər qlobal infrastrukturda artan bu cür xətaların və kiberhücumların rəqəmsal təhlükəsizlik risklərini kritik həddə çatdırdığını qeyd edirlər.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol