Menu

İordaniya “GTA VI” oyununu qadağan etməyə hazırlaşır: Səbəb nədir?

23.11.2026, 12:23
İordaniya “GTA VI” oyununu qadağan etməyə hazırlaşır: Səbəb nədir?

İordaniyanın Telekommunikasiya Tənzimləmə Komissiyası uşaqların və gənclərin təhlükəsizliyini təmin etmək məqsədilə "Grand Theft Auto VI" ("GTA VI") videooyununun ölkə ərazisində qadağan olunmasını nəzərdə tutan hüquqi mexanizm üzərində işlədiyini açıqlayıb.

"AzPolitika" "Roya News" portalına istinadən xəbər verir ki, bu barədə komissiyanın rəhbəri Lara Əl-Xatib açıqlama verib.

Onun sözlərinə görə, hazırda müvafiq qərarın təsdiqlənməsi və icra mexanizminin formalaşdırılması üçün aidiyyəti dövlət qurumları ilə intensiv müzakirələr aparılır. L.Əl-Xatib bildirib ki, müasir videooyunlar artıq "qapalı əyləncə" çərçivəsindən çıxaraq istifadəçilərin qlobal miqyasda yad şəxslərlə birbaşa ünsiyyət qura bildiyi geniş rəqəmsal platformalara çevrilib.

Qurum rəhbəri qeyd edib ki, "GTA VI" yalnız yetkinlik yaşına çatmış şəxslər üçün nəzərdə tutulsa da, effektiv texniki məhdudiyyətlərin olmaması uşaq və yeniyetmələrin bu oyuna asanlıqla çıxış əldə etməsinə şərait yaradır.

Xatırladaq ki, "Grand Theft Auto VI" oyununun rəsmi təqdimatı noyabrın 19-da baş tutub. Layihə nüfuzlu "Metacritic" rəy aqreqatorunda tənqidçilər tərəfindən 100 mümkün baldan 99 bal toplayaraq rekord nəticə göstərib. Oyun sənayesinin ən gəlirli və nüfuzlu media franşizalarından sayılan "Grand Theft Auto" seriyası özünün unikal oyun sərbəstliyi, kəskin sosial satirası və virtual dünyanın ən xırda detallarına qədər işlənməsi ilə seçilir. Bu xüsusiyyətlər layihəyə təkcə oyun dünyasında deyil, ümumilikdə müasir pop-mədəniyyətdə xüsusi yer qazandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol