Menu

Dünya Bankından kritik xəbərdarlıq: Maliyyə sistemləri risk altındadır

23.11.2026, 12:55
Dünya Bankından kritik xəbərdarlıq: Maliyyə sistemləri risk altındadır

Cənubi Qafqaz ölkələrinin maliyyə sistemləri Avropa və Mərkəzi Asiya regionunun digər dövlətləri kimi yüksək dollarlaşma səviyyəsi və istehlak kreditləşməsinin sürətlə artması fonunda ciddi kredit və valyuta riskləri ilə üz-üzədir.

"AzPolitika" “Report”a istinadən xəbər verir ki, bu barədə Dünya Bankının dərc etdiyi yeni hesabatda qeyd olunub.

Tədqiqatın nəticələrinə görə, oxşar zəifliklər təkcə Cənubi Qafqazda deyil, həm də Mərkəzi Asiya, Şərqi Avropa, Qərbi Balkan ölkələri və Ukraynada müşahidə edilir. Sənəddə vurğulanır ki, regionun bank sektoru geosiyasi gərginliklər və artan daxili siyasi qeyri-müəyyənlik səbəbindən əlavə təzyiqlərə məruz qalır.

Xüsusilə Rusiya bankları və ya müştəriləri ilə sıx əlaqələri olan maliyyə qurumları müxbir bank münasibətlərində çətinliklər (“de-risking”) və ikinci dərəcəli sanksiya riskləri ilə üzləşməkdə davam edirlər. Dünya Bankının ekspertləri formalaşmaqda olan bazarlar və inkişaf etməkdə olan iqtisadiyyatlar (EMDEs), o cümlədən Avropa və Mərkəzi Asiya regionu üçün suveren borc ilə bank sistemi arasında qarşılıqlı asılılığın dərinləşməsini daha bir ciddi təhlükə mənbəyi kimi qiymətləndirirlər.

Hesabatda bildirilir ki, bu qarşılıqlı asılılıq borc stressi riski daşıyan dövlətlər üçün böyük təhdiddir:

“Bu vəziyyət özəl sektorun maliyyələşdirilməsini məhdudlaşdırır, eyni zamanda bank sistemi və dövlət maliyyəsi sahəsində paralel şəkildə yüksək xərcli böhranlara yol aça bilər”.

Dünya Bankının statistikasına əsasən, son onillikdə EMDEs qrupuna daxil olan ölkələrdə dövlət borcunun ÜDM-ə nisbətinin median göstəricisi 37 faizdən 55 faizə yüksəlib. 2024-cü ildə bu ölkələrin bankları öz aktivlərinin orta hesabla (median üzrə) 15 faizini suveren borc alətlərinə yönəldiblər. Maliyyə sistemlərinin 10 faizində isə bu göstərici 28 faizi ötüb. Sözügedən dövrdə Avropa və Mərkəzi Asiya, Cənubi Asiya, Subsaxara Afrikası, eləcə də Yaxın Şərq və Şimali Afrika regionlarında bankların dövlət borcuna investisiyalarında nəzərəçarpacaq artım qeydə alınıb.

Bank sektorunun dövlət borclanmasından asılılığının artması xarici investorların milli valyutada olan istiqraz bazarlarından çəkilməsi fonunda baş verir. Belə ki, son beş ildə qeyri-rezidentlərin bu bazardakı payı orta hesabla 22 faizdən 16 faizə enib.

Regionun digər iri iqtisadiyyatlarına gəlincə, analitiklər Ukraynanın dövlət banklarında böyük həcmdə problemli kreditlərin cəmləşdiyini və bunun sistem risklərini artırdığını vurğulayıblar. Türkiyənin bank sistemi isə milli valyutanın dəyərdən düşməsi, yüksək inflyasiya və məhdud valyuta ehtiyatları səbəbindən kəskin valyuta və artan kredit risklərinin təsiri altındadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol