ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtondakı məşhur "Reflecting Pool" hovuzunun yenidən qurulması üçün həyata keçirilən layihə gözlənilən nəticəni verməyib.

ABŞ-nin müstəqilliyinin 250 illiyi ilə bağlı hazırlıqlar çərçivəsində yenilənən hovuzun “Amerika bayrağının mavisi” rənginə boyanması üçün təxminən 14,6 milyon dollar xərclənib. Lakin isti hava şəraitinin təsiri nəticəsində hovuzdakı suda yosunların əmələ gəlməsi rəngin qısa müddətdə dəyişməsinə səbəb olub.

Tramp layihə zamanı hovuzun əvvəlkindən daha gözəl mavi rəngə sahib olacağını bildirsə də, son günlər Vaşinqton sakinləri suyun yenidən tünd yaşıl rəng aldığını müşahidə ediblər.

Layihəni həyata keçirən şirkətin rəhbəri Eddi Vudun sözlərinə görə, hovuzun yenilənməsi üçün ilkin olaraq 13,1 milyon dollar nəzərdə tutulsa da, əlavə işlər səbəbindən xərc 14,6 milyon dollara yüksəlib.

Milyonlarla dollara başa gələn layihənin qısa müddətdə gözlənilən effekti verməməsi isə ABŞ ictimaiyyətində və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

"AzPolitika.info"