Dünyada 30 milyon dollardan çox sərvətə malik şəxslərin sayı artmaqda davam edir. 

Beynəlxalq daşınmaz əmlak konsaltinq şirkəti "Knight Frank"ın 2026-cı il üzrə sərvət hesabatına görə, son beş ildə bu kateqoriyaya daxil olan insanların sayı 26 faiz artıb.

Hesabatda bildirilir ki, 2021-ci ildə dünyada 146 min 525 nəfərin sərvəti 30 milyon dolları aşırdısa, 2026-cı ildə bu göstərici 183 min 953 nəfərə yüksəlib. Beləliklə, beş il ərzində daha 37 min 428 nəfər bu sərvət həddini keçib.

Avropada bu göstəriciyə görə lider Almaniyadır. Ölkədə 30 milyon dollardan çox sərvətə malik şəxslərin sayı 2021-ci ildəki 28 min 942 nəfərdən 2026-cı ildə 38 min 215 nəfərə çatıb. Bu isə hər gün orta hesabla 5 nəfərin bu kateqoriyaya daxil olması deməkdir.

Fransada hər gün orta hesabla 2,1 nəfər, Böyük Britaniya və İtaliyada 1,6 nəfər, İspaniyada isə 1,5 nəfər 30 milyon dollarlıq sərvət həddini aşır.

Türkiyə də Avropada diqqət çəkən ölkələr sırasındadır. Hesabata əsasən, ölkədə hər gün orta hesabla 1,1 nəfər daha varlanaraq 30 milyon dollardan çox sərvətə malik şəxslər qrupuna qoşulur. Bu göstərici ilə Türkiyə İsveçrə ilə eyni səviyyədə qərarlaşıb.

Qlobal reytinqdə isə ABŞ birinci yerdədir. Hazırda ölkədə 251 min 352 nəfərin sərvəti 30 milyon dolları ötür. ABŞ-da hər gün orta hesabla 36,7 nəfər bu həddi keçir. Çin isə 121 min 677 nəfərlə ikinci sırada yer alır.

Hesabatda sərvət bölgüsündəki fərqlərə də diqqət çəkilir. Avropa Mərkəzi Bankının məlumatına görə, avrozonada ev təsərrüfatlarının median xalis sərvəti 123 min 500 avro təşkil edir. Bununla belə, əhalinin ən aşağı gəlirli 20 faizinin sərvəti cəmi 2 min avro olduğu halda, ən varlı 20 faizinin sərvəti 1 milyon avronu ötür.

2025-in məlumatına görə, Türkiyədə adambaşına düşən orta sərvət 29 min 923 avro təşkil edir. İsveçrədə isə bu göstərici 634 min 584 avroya çatır. 

"AzPolitika.info"