Ukrayna Təhlükəsizlik Xidməti (UTX/SBU) və Milli Polis birgə əməliyyat nəticəsində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FDX) iki agentini saxlayıb. İstintaqın məlumatına görə, həmin şəxslər Kiyevin mərkəzindəki inzibati binalardan birini partlatmağa hazırlaşırmışlar. Bu barədə iyunun 22-də UTX-nin mətbuat xidməti məlumat yayıb.

"AzPolitika" xəbər verir ki, şübhəli şəxslərin Kiyev vilayətinin sakinləri olduğu məlum olub. Onlardan biri hərbi hissəni özbaşına tərk etmiş (fərari) səfərbər olunmuş hərbçi, digəri isə paytaxtda fəaliyyət göstərən marketoloqdur.

İstintaq materiallarına görə, saxlanılan şəxslər paytaxtın Şevçenko rayonundakı inzibati korpusun yaxınlığında yerləşən generator qurğusunu partlatmaq və yanğın törətmək məqsədilə əl yapımı yandırıcı qurğu yerləşdiriblər. Onlar partlayıcı mexanizmi məsafədən – Belarusa gedən yolda olarkən aktivləşdirməyi və oradan Rusiyaya qaçmağı planlaşdırıblar.

Binanı minaladıqdan sonra şübhəlilər Çerniqov vilayəti istiqamətində hərəkət edən sərnişin qatarına minibbər. UTX-nin xəbərinə görə, onlar həmin bölgədən çayı qayıqla keçərək sərhədi qanunsuz yolla adlamaq niyyətində olublar.

Hər iki şəxs Rusiya xüsusi xidmət orqanlarının diqqətini "Telegram" kanallarında Kremlin rejimini dəstəkləyən şərhlər yazdıqdan sonra cəlb edib. Hüquq-mühafizə orqanları müəyyən edib ki, onlar əsas terrordan əvvəl bir neçə "sınaq" tapşırığı da icra ediblər. Xüsusilə, Kiyev ətrafındakı meşəlik zolaqda silah və sursat anbarı yaradaraq, həmin yerin geolokasiyasını FDX-yə ötürüblər.

Bundan əlavə, agent olan hərbçinin düşmən tərəfə hərbi obyektlər, o cümlədən poliqonlardan biri, oradakı silahlar və hərbçilərin sayı barədə kəşfiyyat məlumatları sızdırdığı iddia olunur. Ukrayna xüsusi xidmət orqanlarının məlumatına görə, terror aktı uğurla baş tutacağı təqdirdə, ruslar bu şəxsləri FDX sıralarında işlə təmin edəcəklərinə söz veribmişlər. Hazırda fiqurantlara qarşı terror aktına cəhd maddəsi ilə ittiham irəli sürülüb. Onları ömürlük həbs cəzası gözləyir.

Rasim Əliyev

“AzPolitika.info”