Sverdlovsk Vilayət Məhkəməsi Uraldakı Azərbaycan diasporunun keçmiş lideri Şahin Şıxlinski və oğlu Mutvalının apelyasiya şikayətinə baxib.
“AzPolitika” xəbər verir ki, məhkəmə şikayəti rədd edib. Bu barədə Rusiya mediasında və sosial şəbəkələrdə də məlumat yayılıb.
Şıxlinskinin vəkilləri dövlət məmuruna qarşı zorakılıq ittihamı ilə (Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci hissəsi) verilən cəzanın yüngülləşdirilməsini tələb etmişdilər. Lakin tələb rədd edilib və hər ikisinin cəzası qüvvədə saxlanılıb.
Bununla yanaşı, məlumatda deyilir ki, məhkəmə Şıxlinskinin oğlunun həbs müddətinin hesablanması ilə bağlı dəyişiklik barədə qərar verib. Belə ki, ona ötən ilin 15 iyulundan hökmün qüvvəyə mindiyi günə - 23 iyun 2026-cı ilə qədər həbsdə qaldığı müddətə görə ümumi rejimli cəza koloniyasında keçirdiyi hər gün bir gün yarım kimi hesablanıb. Beləliklə, Mütvalı Şıxlinskinin faktiki həbs müddəti hökmdə göstəriləndən daha qısa olacaq. Bu, istintaq təcridxanasında keçirilmiş müddətin artan əmsalla yenidən hesablanması ilə bağlıdır.
Xatırladaq ki, bu ilin aprel ayında məhkəmə Şıxlinski və onun oğlunu guya dövlət məmuruna qarşı zorakılıq etməkdə təqsirli bilərək, Şahin Şıxlinskini doqquz il, oğlunu isə səkkiz il müddətinə azadlıqdan məhrum edib.
Digər cinayət işi üzrə Şahin Şıxlinskiyə 22 il müddətinə azadlıqdan məhrum etmə cəzası kəsilib. Cəzaların ümumiləşdirilməsi prinsipinə əsaslanaraq, Şıxlinskinin son cəzası 24 il olaraq müəyyən edilib.
“AzPolitika.info”

Şərhlər