Stavropol diyarında mütəşəkkil cinayətkar dəstə bir nəfəri fərdi yaşayış evində öz iradəsi əleyhinə saxlayıb, daha sonra isə onu dörd qutu kolbasa məhsuluna satıb.

"AzPolitika" bildirir ki, bu barədə TASS agentliyinə Stavropol məhkəmələrinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir: "Stavropol şəhər Lenin Rayon Məhkəməsi müstəntiqin, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin 3-cü hissəsi (istismar məqsədilə, zor tətbiq etmək hədəsi ilə insan alveri) ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən vətəndaş M. barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətinə baxıb".

İstintaqın versiyasına görə, təqsirləndirilən qadın mütəşəkkil cinayətkar dəstənin tərkibində fəaliyyət göstərərək, zərərçəkmiş şəxsin ağır həyat şəraitindən, sərxoş vəziyyətdə olmasından və sosial əlaqələrini itirməsindən sui-istifadə edib. Dəstə üzvləri həmin şəxsi fərdi evdə öz iradəsi əleyhinə saxlayaraq ağır fiziki işlər görməyə məcbur ediblər. Mətbuat xidmətinin bildirdiyinə görə, qruplaşma üzvləri sonradan qaçırdıqları vətəndaşı dörd qutu kolbasa məhsulu müqabilində başqa şəxslərə satıblar.

Məhkəmə müstəntiqin vəsatətinə baxaraq və təqdim olunmuş materialları araşdıraraq, təqsirləndirilən qadın barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

"AzPolitika.info"