6 avqust tarixində "Ekol Mühəndislik Xidmətləri" QSC-nin balansında olan beş nəqliyyat və xüsusi texnika vasitəsi üçün üçüncü dəfə təkrar hərrac keçiriləcək.

"AzPolitika" Valyuta.az-a istinadən xəbər verir ki, satışa çıxarılan əmlaklar üçün start qiymətləri əvvəlki hərracla müqayisədə 25% endirimlə müəyyən edilib.

Hərraca 2009-cu il istehsalı "Isuzu D-max" pikapı, 2006-cı il istehsalı TVEX EK-12 ekskavatoru, 2009 və 2011-ci il istehsalı iki "Chevrolet Colorado" avtomobili, eləcə də 2006-cı il istehsalı DT-75D texnikası çıxarılacaq.

Əmlakların start qiymətləri 5 250 manatdan 11 250 manatadək dəyişir. Ən yüksək start qiyməti TVEX EK-12 ekskavatoru üçün 11 250 manat, ən aşağı qiymət isə DT-75D texnikası üçün 5 250 manat müəyyən edilib. "Isuzu D-max" avtomobili 5 358,75 manata, 2009-cu il istehsalı "Chevrolet Colorado" 6 000 manata, 2011-ci il istehsalı "Chevrolet Colorado" isə 7 500 manata satışa çıxarılacaq.

Hərracda iştirak etmək istəyən şəxslər hər bir lot üzrə müəyyən edilmiş start qiymətinin 10%-i həcmində beh ödəməlidirlər.