Fransa Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün Yaxın Şərqə iki minaaxtaran gəmi, iki freqat və bir patrul təyyarəsi göndərib.

"Azpolitika" xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.

O, sosial mediad hesabında yazıb ki, iki freqat və bir dəniz patrul təyyarəsi ilə müşayiət olunan bu vasitələr ölkəsinin tərəfdaşları ilə birlikdə gəmiçiliyin tam bərpasına və Hörmüz boğazında təhlükəsiz keçidin təmin edilməsinə töhfə verməyə hazırdır.

Makron vurğulayıb ki, 17 iyunda ABŞ və İran arasında anlaşma memorandumunun imzalanması regional sabitlik, xüsusən də Hörmüz boğazında naviqasiya azadlığının təsdiqlənməsi üçün irəliyə doğru mühüm addımdır.

Fransa Prezidenti bildirib ki, bu əlverişli vəziyyət və dəyişən ehtiyaclar nəzərə alınmaqla, Oman Sultanı ilə konstruktiv fikir mübadiləsindən sonra Fransa qüvvələrinin yerləşdirilməsi qərarına gəlib.

Makron bildirib ki, Şarl de Qoll təyyarədaşıyan gəmisi Tulondakı əsas limanına qayıdır, mina əleyhinə vasitələr və onların müşayiətçiləri isə tərəfdaşlarla birlikdə yerləşdirilib və xidmət etməyə hazırdırlar.

O, vurğulayıb ki, Fransa bu prosesdə tam iştirak edir və dəyişən vəziyyətdən və regionun təhlükəsizlik ehtiyaclarından asılı olaraq qüvvələrini tənzimləməyə davam edəcək.