İyulun 6-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın 20-dən çox regionuna, o cümlədən ilhaq edilmiş Krıma və Azov dənizi akvatoriyasına misli görünməmiş kütləvi pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil edib.
“AzPolitika” xəbər verir ki, hücumlar nəticəsində Rusiyanın ən böyük neft emalı zavodlarından biri, strateji limanlar və enerji infrastrukturu hədəf alınıb.
Ən ağır zərbələrdən biri Yaroslavl vilayətinə dəyib. Vilayətin qubernatoru Mixail Yevrayev regional mərkəzə "kütləvi" dron hücumunun olduğunu təsdiqləyib. Onun sözlərinə görə, şəhərə yaxınlaşarkən Hava Hücumundan Müdafiə (HHM) və Radioelektron Mübarizə (REB) vasitələrilə 70-dən çox dron vurulub. Hücum zamanı 2 nəfər qəlpə yarası alaraq xəstəxanaya yerləşdirilib. Hakimiyyət orqanları sənaye zonasının yerləşdiyi Moskva prospekti istiqamətində yolları bir neçə saatlıq bağlamaq məcburiyyətində qalıb.
Həm Ukraynanın monitorinq kanalları həm də Rusiyanın müstəqil "Astra" teleqram kanalı və şahidlərin yaydığı görüntülər hücumun Rusiyanın ilk beşliyinə daxil olan "Slavneft-YANOS" (Yaroslavl Neft-Qaz Sintezi) zavoduna edildiyini və müəssisədə partlayışlardan sonra güclü yanğın başladığını bildirir. Qeyd edək ki, illik 15 milyon ton neft emal edən bu müəssisə bəhs edilən dövrdə artıq bir neçə dəfə uğurlu zərbələrə məruz qalıb.
Rusiya rəsmilərinin yaydığı məlumatlara görə, hücum coğrafiyası olduqca geniş olub:
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko Lujsk poliqonunda, həmçinin strateji əhəmiyyətli Ust-Luqa və Vısotsk limanlarının yaxınlığındakı infrastruktur obyektlərinə ziyan dəydiyini açıqlayıb.
Kaluqa vilayətinin Dzerjinski dairəsindəki sənaye müəssisələrindən birində dron zərbəsindən sonra yanğın baş verib, işçilər təxliyə edilib.
Enerji infrastrukturunun vurulması nəticəsində yarımadada genişmiqyaslı elektrik kəsintisi yaşanıb, Sevastopolda troleybusların hərəkəti dayandırılıb. Kerç limanında da yanğın qeydə alınıb.
Rusiya Müdafiə Nazirliyi gecə ərzində Belqorod, Pskov, Novqorod, Bryansk, Kursk, Oryol, Tula, Tver, Yaroslavl, Voronej, Smolensk, Kaluqa, Ryazan, Lipetsk, Rostov, Samara, Saratov, Volqoqrad, Leninqrad vilayətləri, Moskva regionu və Krasnodar diyarı üzərində ümumilikdə 519 Ukrayna PUA-sının məhv edildiyini bəyan edib.
Rusiya tərəfi ənənəvi olaraq HHM sistemlərinin effektiv işlədiyini desə də, neçə dronun hədəfə çatdığı və neft-enerji infrastrukturuna dəyən ziyanın real miqyası barədə rəsmi açıqlama vermir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə hələlik əməliyyatın rəsmi nəticələrini şərh etməyib.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər