Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 226,3 milyon manat məbləğində ipoteka krediti verilib.
"AzPolitika" bu barədə İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir.
Məlumata görə, bu ildən etibarən ölkədə uzunmüddətli ipoteka kreditləşməsinin maliyyələşdirilməsini həyata keçirir. Azərbaycan Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"na uyğun olaraq, Fond 2026-cı ilin birinci yarısında da əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirib.
Bu ilin yanvar-iyun aylarında Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 226,3 milyon manat məbləğində 2242 ipoteka krediti, o cümlədən, 156,1 milyon manat məbləğində 1418 adi ipoteka krediti və 70,2 milyon manat məbləğində 824 güzəştli ipoteka krediti verilib. Ümumilikdə, 2006-cı ildən bəri Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin məbləği 3,98 milyard manat olub ki, bu da 59 mindən çox ailənin mənzil şəraitinin yaxşılaşmasına imkan verib.
Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etmək məqsədilə 01 iyul 2026-cı il tarixinə Fond tərəfindən 1571 ipoteka krediti üzrə 149,9 milyon manat məbləğində zəmanət verilib.
Qeyd edək ki, Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 %-ini gənclər və gənc ailələr təşkil edib, kreditlərin 22 %-ə yaxını isə regionların payına düşüb.

Şərhlər