Almaniyanın avtomobil nəhəngi"Volkswagen" (VW) rəhbərliyi eyni anda ölkədəki dörd zavodunda istehsalın dayandırılması imkanlarını müzakirə edir.

Bu barədə "Der Spiegel" jurnalı şirkətin müşahidə şurasındakı mənbələrinə istinadən məlumat yayıb.

Planlara əsasən, 2031-ci ildə Svikkay (Zwickau) və Emdendəki, 2032-ci ildə Hannoverdəki, 2034-cü ildə isə VW-nin törəmə şirkəti olan "Audi"nin Nekkarzulmdakı müəssisələrində istehsalın dayandırılması nəzərdə tutulur. Bu zavodlarda təxminən 40 min nəfər çalışır. Bundan əlavə, "Volkswagen" 2030-cu ilə qədər daha 50 minə yaxın iş yerini ixtisar etmək niyyətindədir.

Bununla da VW rəhbərliyi özünün qənaət proqramını daha da sərtləşdirir. Gələcəkdə Almaniyadakı konveyerlərdən çıxan modellərin Şərqi Avropa ölkələrində, xüsusən də Macarıstan və Slovakiyada istehsal olunması planlaşdırılır. Şirkət rəhbərliyinin planlarına görə, Almaniyadakı istehsal meydançalarından isə başqa məqsədlər üçün istifadə ediləcək. Hətta bu zavodların müdafiə sənayesi müəssisələrinə satılması variantı da istisna olunmur.

İyunun sonunda "Manager Magazin" iqtisadi jurnalı da məlumat yaymışdı ki, "Volkswagen" yaxın illərdə dünya miqyasında 100 minə qədər iş yerini ixtisar etməyi planlaşdırır.

"Volkswagen"in bu planları kəskin böhran yaşayan Almaniya avtomobil sənayesində vəziyyətin nə qədər mürəkkəb olduğunu bir daha təsdiqləyir. Qeyd edək ki, daha əvvəl bir sıra digər avtomobil şirkətləri və komplektləşdirici hissələrin tədarükçüləri də ixtisarlar barədə elan vermişdilər.

"AzPolitika.info"