ABŞ-nin İranın körpülərinə və enerji obyektlərinə hücum edəcəyi təqdirdə, İran Yaxın Şərqdəki kritik infrastruktur obyektlərinə zərbələr endirməklə hədələyib.
"Report" xəbər verir ki, bu barədə İranın "Tasnim" informasiya agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, əgər Vaşinqton İran ərazisindəki oxşar obyektlərə hücum edərsə, Tehran Birləşmiş Ştatlarla əlaqəli mülki infrastruktura, o cümlədən körpülərə və enerji obyektlərinə cavab zərbələri endirəcək.
"İran Hörmüz boğazı üzərində suverenliyini həyata keçirməkdə dəmir iradəyə malikdir və heç vaxt onun bir daha İran üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək", - agentlik mənbənin sözlərini sitat gətirib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında ticarət gəmilərinə hər dəfə hücum etdikdə, Birləşmiş Ştatlar İranın körpülərinə və elektrik stansiyalarına zərbələr endirəcək.

Şərhlər