Çinin hazırladığı altıncı nəsil döyüş təyyarəsi hesab olunan J-36-nın beşinci prototipi sınaq uçuşları zamanı görüntülənib.

Məlumata görə, açıq mənbələr üzrə fəaliyyət göstərən hərbi analitiklərin paylaşdığı görüntülər proqramın inkişafında yeni mərhələyə keçildiyini göstərir. Müdafiə dairələri indiyədək ən azı beş prototipin mövcudluğunu təsdiqləyir, altıncı prototipin isə istehsal mərhələsində olduğu və yaxın vaxtlarda sınaqlara qoşula biləcəyi ehtimal edilir.

Rəsmi Pekin təyyarənin adını təsdiqlamasa da, hərbi ekspertlər onu J-36 kimi təqdim edirlər. Təyyarə Chengdu Aircraft Corporation şirkəti tərəfindən hazırlanır. İlk dəfə 2024-cü ilin dekabrında ictimaiyyətə nümayiş etdirilən J-36 o vaxtdan bəri mütəmadi sınaq uçuşları həyata keçirir. Mütəxəssislərin fikrincə, bu proqram ABŞ-nin NGAD (Yeni Nəsil Hava Hakimiyyəti) layihəsinə rəqib hesab olunan ən mühüm Çin layihələrindən biridir.

J-36 quyruqsuz gövdə quruluşu, üç mühərrikli konstruksiyası və iri almaz formalı qanadları ilə beşinci nəsil döyüş təyyarələrindən fərqlənir. Təyyarənin aşağı radar görünürlüğünə, uzun mənzilli uçuş imkanlarına və yüksək faydalı yük daşıma qabiliyyətinə malik olması hədəflənir. Analitiklər hesab edirlər ki, bu platforma hava üstünlüyünün təmin edilməsi, dərin zərbə əməliyyatlarının icrası və pilotsuz uçuş aparatlarının idarə olunması üçün komanda-idarəetmə funksiyalarını yerinə yetirmək məqsədilə hazırlanır.

"AzPolitika.info"