Təcavüz və insan alverində təqsirləndirilərək həbsxanada intihar edən amerikalı milyarder Ceffri Epsteynlə əlaqələri olan modellik agenti Daniel Siad Paris yaxınlığındakı evində ölü tapılıb. Bu barədə Fransanın Nantre prokurorluğu məlumat yayıb.

“AzPolitika” xəbər verir ki, 69 yaşlı Siadın cəsədi bazar ertəsi axşam saatlarında aşkar olunub. Prokurorluq ölümün dəqiq səbəbini müəyyən etmək üçün ekspertiza və yarılma prosesinin aparılacağını bildirib.

Daniel Siadın adı ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan "Epsteyn sənədləri"ndə 2000-dən çox müraciət və yazışmada yer alırdı.

Sənədlərin dərcindən sonra Fransada başlayan genişmiqyaslı insan alveri və vergi dələduzluğu araşdırmaları çərçivəsində 24 qadın Siad və ya digər şəxslər tərəfindən zorakılığa və ya qanunsuz əməllərə məruz qaldığını bildirərək zərərçəkən və ya şahid qismində ifadə verib. Fransa mətbuatının məlumatına görə, ən azı 5 qadın onu birbaşa zorakılıq və insan alverində ittiham edib.

Prokurorluq Siadın telefonlarının dinlənildiyini və xüsusi nəzarətdə saxlanıldığını, lakin indiyədək dərhal həbs üçün kifayət qədər sübut toplanmadığını açıqlayıb. Paris prokuroru Lor Bekko Siadın ölümünə baxmayaraq, təxminən 10 müstəntiqin iştirakı ilə istintaqın davam etdiriləcəyini vurğulayıb.

Lisenziyalı kəşfiyyat sənədlərində Siadın Epsteynə yazdığı diqqətçəkən elektron məktublar da yer alıb.

Sənədlərə görə, Siad Epsteynə: “Barselonadayam, yanımda Avstraliya və Xorvatiya mənşəli qızlar var, onunla danışa bilərsən, çox şirindir. Onları burada və Parisdə yerləşdirmək istəyirəm” - deyə mesaj göndərib.

Epsteyn isə cavabında sadəcə “Şəkli var?” soruşub.

Siad isə BFM telekanalına müsahibəsində Epsteyn ilə münasibətlərinin müstəsna olaraq peşəkar müstəvidə olduğunu iddia edirdi.

Siadın vəkili Menya Arab-Tiqrin müvəkkilinin günahsız olduğunu, dəfələrlə ifadə vermək üçün məhkəmə orqanlarına müraciət etdiyini, lakin çağırılmadığını bildirib. Vəkil Siadın infarktnəticəsində dünyasını dəyişdiyini qeyd edib.

Qeyd edək ki, Daniel Siad Epsteyn şəbəkəsi ilə bağlı Fransada müəmmalı şəkildə vəfat edən ikinci şəxsdir. 2020-ci ildə Epsteyn üçün azyaşlı qızları toplamaqda ittiham olunaraq həbs edilən fransalı modellik agenti Jan-Lük Brünel də 2022-ci ildə Parisdəki həbsxana kamerasında asılmış vəziyyətdə tapılmışdı.

Rasim Əliyev

“AzPolitika.info”