Avropa Komissiyası iyulun 23-də "Google"u Rəqəmsal Bazarlar haqqında Qanunu (DMA) pozduğuna görə təxminən 900 milyon avro cərimələyib.

"AzPolitika" xəbər verir ki,  bu barədə Avropa Komissiyası məlumat yayıb.

Bildirilib ki, şirkət axtarış sistemində öz xidmətlərinə üstünlük verib və istifadəçilərin alternativ alış-veriş üsullarını seçmək imkanlarını məhdudlaşdırıb.

Ümumi cərimə məbləğinin 430 milyon avrosu "Google"un öz xidmətlərinin axtarış nəticələrində daha əlverişli şəkildə nümayiş etdirilməsinə görə təyin edilib. Qalan 460 milyon isə "Google Play" mağazasındakı məhdudiyyətlərə görədir ki, bu da tərtibatçılara istifadəçiləri daha ucuz təkliflər barədə məlumatlandırmağa və platformadan kənarda alış-veriş etməyə mane olub.

Avropa Komissiyası belə qənaətə gəlib ki, "Google" öz xidmətlərinə prioritet verərək, onları rəqiblərin bənzər təkliflərindən daha yuxarıda yerləşdirərək DMA tələblərini pozub.

Təşkilat "Google"un qarşısına aşkar edilmiş pozuntuları 60 gün ərzində aradan qaldırmaq öhdəliyi qoyub. Əks halda, şirkəti qlobal illik dövriyyəsinin 5 %-dək miqdarında dövri cərimələr gözləyir.

Avropa Komissiyasının yüksək vəzifəli nümayəndəsi texniki brifinqdə bildirib ki, cərimə "Google"un qlobal dövriyyəsinin təxminən 0,22 %-nə bərabərdir.

Bildirilib ki, "Google" artıq axtarışda dəyişiklikləri sınaqdan keçirməyə başlayıb, lakin Avropa Komissiyası bu tədbirlərin qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını qiymətləndirməyə davam edəcək.

"Google"a qarşı araşdırma 2024-cü ilin martında başlanıb, 2025-ci ilin martında isə Avropa Komissiyası şirkətə onun təcrübəsinin Rəqəmsal Bazarlar haqqında Qanunu pozduğuna dair ilkin nəticəsi barədə bildiriş göndərib. Şirkət qəbul edilmiş qərardan şikayət edə bilər.(Report)