Türkiyə müdafiə sənayesi mikrotexnologiya sahəsində daha bir mühüm uğura imza atıb.
"Uludoğan Savunma" şirkəti tərəfindən TÜBİTAK və Teknopark İstanbulun dəstəyi ilə hazırlanan milli nano pilotsuz helikopter "NanoAlp" Türkiyədə ilk, dünyada isə öz sinfində ikinci belə avadanlıq kimi istifadəyə verilməyə hazırlaşır.
Şirkətin açıqladığı məlumata görə, "NanoAlp" üçün artıq Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də daxil olmaqla beş ölkə ilə ixrac müqavilələri imzalanıb.
"Uludoğan Savunma"nın İdarə Heyətinin sədri Seyfəddin Cevdet Uludoğan bildirib ki, nano sinif pilotsuz uçuş aparatları arasında helikopter tipli platformalar yüksək qaldırma qabiliyyəti və aşağı səs səviyyəsi ilə seçilir.

Onun sözlərinə görə, "NanoAlp"ın ən mühüm üstünlüklərindən biri xüsusi mühərrik və yavaş fırlanan pər sistemi sayəsində cəmi 3 metr məsafəyə qədər yaxınlaşdıqda belə demək olar ki, eşidilməməsidir. Maraqlıdır ki, ABŞ istehsalı olan analoji sistemlər 10–15 metr məsafədən səs çıxarır.
100 qram çəkisi olan "NanoAlp" 350 qrama qədər faydalı yük daşıya bilir. Platforma yalnız kəşfiyyat və müşahidə məqsədləri üçün deyil, həm də əl qumbarası və ya C4 tipli partlayıcıların daşınması ilə kamikadze əməliyyatları həyata keçirmək imkanına malikdir. Bunun sayəsində mağaralar, yaşayış məntəqələri, binaların daxili və meşəlik ərazilərdə əməliyyatlarda istifadə oluna bilər.
Şirkət nümayəndəsinin sözlərinə görə, sistem GPS siqnalının olmadığı və ya elektron maneələrin tətbiq edildiyi şəraitdə kamera və sensor məlumatlarının birgə emalı hesabına əvvəlcədən müəyyən edilmiş tapşırıqları tam avtonom şəkildə yerinə yetirə bilir.

Bundan əlavə, "NanoAlp" adi nano dronlarla müqayisədə iki dəfə artıq – 30 dəqiqədən çox havada qala bilir.
Hazırda platformanın yerlilik səviyyəsi 60 faiz təşkil edir və qarşıdakı bir il ərzində bu göstəricinin 96 faizə çatdırılması planlaşdırılır.
Şirkət rəhbəri bildirib ki, indiyədək beş ölkə ilə ixrac müqaviləsi bağlanıb, ilk ixrac Birləşmiş Ərəb Əmirliklərinə həyata keçirilib. Daha iki ölkəyə çatdırılma mərhələsi davam edir, İndoneziya ilə danışıqlar aparılır, Cənubi Koreya, Malayziya və Yaxın Şərq ölkələrindən isə layihəyə ciddi maraq göstərilir.
"AzPolitika.info"

Şərhlər