İşğal altındakı Krım yarımadasının bir sıra yaşayış məntəqələri, o cümlədən Cənub sahili yenidən elektrik enerjisiz qalıb. "Krımenerqo" şirkətindən verilən məlumata görə, elektrik təchizatı obyektləri pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Şirkətdən bildirilib ki, yarımadanın bir sıra məntəqələrinə elektrik enerjisinin verilməsi imkansızlaşır və hazırda Krımın şimal-qərb, şərq və cənub zonalarında vəziyyət kifayət qədər mürəkkəbdir.
Rusiyanın Krımdakı qərargahının məlumatına görə, elektrik enerjisinin kəsilməsi ilə yanaşı Aluşta, Simferopol (Ağməscid), Sudak, Feodosiya və bir sıra digər yaşayış məntəqələrinin müəyyən hissələrində su təchizatı da dayandırılıb.
Gecə saatlarında işğal olunmuş Sevastopolun da elektrik təchizatında məhdudiyyətlər tətbiq edilib. Rusiyanın Sevastopola təyin etdiyi "rəhbər" Mixail Razvojayev bunun məcburi addım olduğunu, bütün enerji sistemində qəzanın qarşısını almaq üçün şəbəkədəki həddindən artıq yükü aradan qaldırmağa yönəldiyini bəyan edib.
O, daha sonra istehlakçıların əksəriyyətinə işığın bərpa olunduğunu bildirsə də, defisit probleminin qaldığını vurğulayıb: "Lakin Krımın enerji sistemində güc qıtlığı saxlanılır, buna görə də məhdudiyyətlərdən tamamilə qaçmaq hələlik mümkün deyil".
Monitorinq məlumatlarına və "Krımskiy veter" teleqram kanalının yaydığı xəbərə görə, iyulun 27-nə keçən gecə 220 kV-luq "Baxçasaray" magistral elektrik yarımstansiyası zərbəyə məruz qalıb. Məlumata əsasən, obyektin ərazisində güclü yanğın qeydə alınıb. Hələlik nə Ukrayna, nə də Rusiya tərəfi bu hücumu rəsmən şərh etməyib.
Qeyd edək ki, son aylarda Ukrayna Silahlı Qüvvələri Krımdakı neft obyektlərinə, nəqliyyat marşrutlarına və hərbi-strateji əhəmiyyət kəsb edən energetika infrastrukturuna zərbələri intensivləşdirib. Yarımadanın yaşayış məntəqələri müntəzəm olaraq işıq, su və rabitəsiz qalır.
Rasim
"AxPolitika.info"

Şərhlər