Rusiyada sentyabr ayında keçiriləcək Dövlət Duması seçkilərindən sonra hərbi vəziyyət elan edilə bilər.
“AzPolitika” xəbər verir ki, bunu "Verstka" nəşri federal və regional hökumət orqanları, Dövlət Duması və Kremlə yaxın mənbələrə istinadla bildirib.
Nəşrin mənbələrinə görə, güc strukturları hökumətin əhalinin “nazı ilə oynamağı” dayandırmasının və "bütün ölkənin müharibə aparmağa başlamasının” vaxtının çatdığını bildirirlər. Bu isə hərbi vəziyyətin elan olunmasını tələb edir.
"Verstka"nın mənbələrindən biri bildirib ki, "Ölkənin vəziyyəti getdikcə daha ciddiləşir və ekstremal tədbirlər olmadan onu tarazlaşdırmaq mümkün olmaya bilər".
Mövcud qanunvericiliyə əsasən, hərbi vəziyyət prezident fərmanı ilə tətbiq olunur (faktiki olaraq qeyri-müəyyən müddətə) və komendant saatı, vətəndaşların hərəkətinə məhdudiyyətlər, insanların hərbi müəssisələrə məcburi göndərilməsi, müdafiə məqsədləri üçün əmlakın müsadirə edilməsi, eləcə də seçkilərin ləğvi və tam senzura tətbiqini nəzərdə tutur.
Nəşr qeyd edir ki, cəbhədə əhəmiyyətli geriləmə və ya hərbi xidmətə çağırışın kəskin azalması hərbi vəziyyəti daha da zəruri edə bilər. “Verstka” mənbələri hərbi vəziyyətlə yanaşı, bir neçə aydır barəsində danışılan səfərbərliyin də istisna edilmədiyini, valyuta qaydalarının sərtləşdirilməsi və müəyyən kateqoriyalı vətəndaşların (məsələn, strateji müəssisələrin işçilərinin) xarici səfərlərinə qadağa qoyulması kimi əlavə məhdudiyyətlərin də ola biləcəyini bildirir.
Eləcə də yanvar-iyun ayları arasında təxminən 6 trilyon rubla çatan büdcə kəsirini maliyyələşdirmək üçün vətəndaşların əmanətlərinin bir hissəsinin müharibə istiqrazlarına məcburi köçürülməsi istisna edilmir.
Amerika Müharibə Tədqiqatları İnstitutunun (ISW) ekspertlərinin fikrincə, Rusiya Milli Qvardiyasının fəaliyyətini tənzimləyən yeni düzəlişlər Kremlin mümkün səfərbərliyə və hərbi vəziyyətin tətbiqinə hazırlıqlarını göstərir. 20 iyulda dərc edilən düzəlişlərə görə, Putinin nəzarətində olan Rusiya Milli Qvardiyasının vəzifələrinə indi səfərbərlik, hərbi vəziyyət və müharibə dövründə yaranan təhlükələrdən qorunmaq üçün şəxsi heyətin, obyektlərin və əmlakın əvvəlcədən hazırlanması daxildir. ISW qeyd edir ki, Rusiya hakimiyyəti kütləvi ictimai narazılığı ehtimal edir və hərbi vəziyyətin tətbiqi üçün şərait yaradır.
Bəzi Avropa rəsmiləri də payızda Rusiyada səfərbərlik ehtimalını istisna etmirlər. “The Washington Post”-un yazdığına görə, cəbhədə yüksək itkilər davam edərsə, Kreml belə bir addım ata bilər. Nəşrin mənbələrinə görə, Putin üçün bütün bu tədbirlərin yeganə alternativi müharibəni dayandırmaqdır, çünki müharibənin davam etməsi büdcə və iqtisadiyyat üçün getdikcə daha ağır bir yükə çevrilir.
Lakin qeyd edək ki, Putin son çıxışlarında müharibəni dayandırmaq fikrində olmadığını açıq şəkildə bəyan edib. Bu isə o deməkdir ki, cəbhədə heç bir irəliləyişin mümkün olmadığı mənasız, lakin qanlı müharibə davam edəcək. Bu isə doğrudan da Rusiyada hərbi vəziyyət elan olunmasını və səfərbərliyi zəruri edir.
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər