Ermənistanın Baş naziri Nikol Paşinyan bir tərəfdən ABŞ və Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlığı dərinləşdirməyə, digər tərəfdən Rusiya ilə münasibətləri normal müstəvidə saxlamağa cəhd göstərir. Lakin bu balans siyasəti praktiki olaraq nəticə vermir.
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Kremlin əsas istəyi Ermənistanın əvvəlki illərdə olduğu kimi tam şəkildə Rusiyadan asılı vəziyyətdə qalması və Qərbdən uzaq durmasıdır. Lakin Moskva üçün bu ssenarinin də reallaşması çətindir,
"Bu mümkün olsaydı, erməni cəmiyyəti üçüncü dəfə Nikol Paşinyana və onun partiyasına səs verməzdi. Buna baxmayaraq, Paşinyan Rusiya rəsmiləri ilə dialoqu kəsməməyə çalışır. Sadəcə, onun Kreml rəhbəri Vladimir Putinlə tez-tez reallaşan telefon danışıqları heç bir praktiki nəticə doğurmur", - deyə o, bildirib.
Politoloq bildirir ki, Rusiya prezidenti tələblərində israrlıdır və Paşinyanın qarşısına şərt qoyur: Ermənistanda Avropa İttifaqı, yoxsa Avrasiya İqtisadi Birliyi istiqamətinin seçilməsi ilə bağlı referendum keçirilməlidir. Paşinyan isə belə bir referendumun keçirilməsini hələlik tez hesab edir. Çünki erməni cəmiyyəti səsvermədə Avropa İttifaqını seçsə belə, Brüsselin Ermənistanı yaxın onillikdə təşkilata üzv qəbul etməyəcəyi məlumdur.
Putin də məhz bu reallığı bildiyindən Paşinyanı daha çətin vəziyyətə sürükləməyə çalışır. Son dövrlər Ermənistan kənd təsərrüfatı və sənaye məhsullarının Rusiya bazarlarına daxil olmasına qoyulan qadağalar doğrudan da bu siyasi təzyiqin tərkib hissəsidir.
E. Şahinoğlu vurğulayır ki, proseslərin gələcək gedişatı Qərbin addımlarından asılı olacaq: "Əgər Brüssel Ermənistan məhsullarının Avropa İttifaqı bazarına girişini simplified qaydada tənzimləməsə və sadələşdirməsə, Paşinyanın durumu daha da mürəkkəbləşəcək. Məhsullarını Rusiya bazarına çıxara bilməyən və alternativ tapa bilməyən erməni fermerlərinin və sahibkarlarının etirazı artacaq ki, bu da birbaşa Kremlin maraqlarına xidmət edir".
Rasim
"AzPolitika.info"

Şərhlər