Müharibə uzandıqca, sanki Rusiya rəhbərliyinin baş verən hadisələrə, faciələrə, insan itkilərinə və s. münasibəti, reaksiyası da kütləşir. Yalan, saxta bəyanatlar getdikcə məntiqdən və empatiyadan uzaq, qeyri-adekvat xarakter alır…

“AzPolitika” xəbər verir ki, son iki gündə Vladimir Putin və onun sözçüsü Dmitri Peskovun Ukrayna müharibəsilə bağlı səsləndirdikləri fikirlər sosial mediada müzakirələrə səbəb olub.

Putin Rusiya dəniz qüvvələri komandirləri ilə görüş zamanı onlardan "SVO”-nun (Xüsusi Hərbi Əməliyyat) bitməsindən sonra Rusiyanın nə edəcəyini soruşub. Putinlə görüşdə Rusiya Hərbi Dəniz Qüvvələrinin Sakit Okean, Şimal, Baltik, Qara dəniz və Xəzər donanmalarının komandirləri iştirak edib. Rusiya başçısı cəbhədə döyüşənlərə istinadla deyib: “Baxın, “SVO” bitəndən sonra biz nə ilə məşğul olacağıq? Yəni, o qədər buna aludə olublar ki…”. Maraqlıdır ki, Rusiya başçısı bütün bunları gülə-gülə deyib. Sanki hər gün yüzlərlə, minlərlə insanın həlak və şikəst olduğu, öz ev-eşiklərindən didərgin düşdüyü, malını, mülkünü itirdiyi qanlı faciədən yox, hansısa əyləncəli bir hadisədən danışır və bu “əyləncə”nin bitməsini qətiyyən istəmir…

Sonra isə Putin əlavə edib ki, “SVO” bitəndən sonra da Rusiya cəmiyyətində guya hazırda millətindən, dinindən asılı olmayaraq mövcud olan birlik saxlanmalıdır.

Kremlin sözçüsü Dmitri Peskov isə bu gün keçirilən forumda Rusiyanın düşdüyü indiki vəziyyəti “ideal böhran” adlandırıb: "Hazırda ideal bir böhran yaşayırıq, suverenliyimizi gücləndirən, birdən-birə bütün həyatımızı birlik və konsolidasiya ilə dolduran bir böhran". Yəni, Rusiyanın şəhərlərinin, neft zavodlarının, logistika mərkəzlərinin yanması, iqtisadiyyatın tənəzzülə uğraması, ölkənin beynəlxalq aləmdə “izqoy” vəziyyətinə düşməsi, cəbhədə hər gün gənc insanların dəstə-dəstə həlak olması və s. Rusiya hakimiyyəti üçün “ideal böhran”mış və bütün bunlar guya Rusiya cəmiyyətini birləşdirir, möhkəmləndirirmiş…

Onu da qeyd edək ki, ötən gün 8-ci çağırış Rusiya parlamentinin son iclasında Duma sədri Vyaçeslav Volodin deputatları Vladimir Putini ətrafında birləşməyə çağıraraq, 5 dəfə “Rusiya, Putin, Qələbə” şüarını təkrarlayıb.

Bütün bunlar Rusiyanın haralara yuvarlandığını və bunun sonunun heç də işıqlı görünmədiyini bir daha ortaya qoyur…

C.Məmmədli

“AzPolitika.info”