İndiyədək yalnız Rusiyanın Kursk vilayətindəki döyüşlərdə iştirak edən, itkilər verən və hətta əsir düşən Şimali Koreya hərbçiləri ilk dəfə olaraq bilavasitə Ukrayna ərazisindəki cəbhə xəttinə cəlb oluna bilər.
"AzPolitika" xəbər verir ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya müharibədə istifadə etmək üçün KXDR-dən daha 30 000 nəfərlik əlavə hərbi kontingent qəbul etməyə hazırlanır. “The National Interest” nəşrinin yazdığına görə, bu məqsədlə artıq Voronej vilayətində lazımi logistik infrastruktur yaradılır.
Nəşr xatırladır ki, Pxenyan bundan əvvəl Rusiyaya 11-14 min civarında hərbçi göndərmişdi. Lakin həmin qüvvələr yalnız Rusiya ərazisində – Kursk vilayətindəki döyüşlərdə yerləşdirilmişdi. Yeni plan gerçəkləşərsə, bu, Şimali Koreya bölmələrinin birbaşa Ukraynanın suveren ərazisindəki hərbi əməliyyatlara qoşulduğu ilk hal olacaq.

Ekspertlərin qiymətləndirməsinə görə, Moskva ölkə daxilində yeni miqyaslı səfərbərlikdən yayınmaq üçün Pxenyanın canlı qüvvəsinə ehtiyac duyur. Kim Çen In rejimi isə bunun müqabilində Rusiyadan maliyyə dəstəyi, yanacaq, ərzaq, müasir hərbi texnologiyalar və ordusu üçün real döyüş təcrübəsi əldə etməyi hədəfləyir. “The National Interest” vurğulayır ki, proses faktiki olaraq “canlı qüvvə müqabilində pul və texnologiya” sövdələşməsinə çevrilib.
Bununla yanaşı, Şimali Koreya bölmələrinin Rusiya ordusuna inteqrasiyasının dil baryeri, logistika və təşkilati çətinliklərlə müşayiət olunacağı, bu qüvvələrin döyüş effektivliyinin isə sual altında qaldığı bildirilir. Lakin on minlərlə yeni hərbçinin cəbhəyə yerləşdirilməsi ehtimalı Moskva-Pxenyan hərbi oxunun daha da möhkəmləndiyini və Ukraynadakı münaqişənin getdikcə daha geniş beynəlxalq miqyas aldığını göstərir.
"AzPolitika.info"

Şərhlər