Futbol tarixinin iki əfsanəsi Diyeqo Maradona və Pelenin 2005-ci ildə baş tutan yaddaqalan görüşünə aid görüntülər yenidən sosial şəbəkələrdə geniş maraq doğurub.

"AzPolitika" xəbər verir ki, həmin vaxt Maradonanın təqdim etdiyi "La Noche del 10" proqramının qonağı məhz braziliyalı futbol əfsanəsi Pele olub.

Veriliş zamanı iki dünya ulduzu uzun illər futbol meydanlarında yaşadıqları xatirələrdən danışıb, səmimi söhbətləri ilə izləyicilərin rəğbətini qazanıblar. Daha sonra isə onlar studiyada topu yerə salmadan başla bir-birlərinə ötürərək məharətlərini nümayiş etdiriblər.

Əfsanəvi futbolçuların bu çıxışı təkcə texniki bacarıqların nümayişi deyil, həm də futbol tarixinin ən böyük rəqibləri arasında qarşılıqlı hörmət və dostluğun simvolu kimi qiymətləndirilib.

İllər sonra yenidən yayılan görüntülər futbolsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri Diyeqo Maradona və Pelenin birlikdə yer aldığı bu anları futbol tarixinin ən unudulmaz kadrlarından biri adlandırıblar.