Həyatdan zövq alan moskvalılar səfərbər olunmalı və cəbhəyə göndərilməlidir, çünki Rusiya Qərbə qarşı "müqəddəs xalq müharibəsi" aparır və bu müharibə "bəşəriyyətin sonu ilə bitə bilər".
“AzPolitika” xəbər verir ki, bunu "Rus dünyası"nın aparıcı ideoloqlarından biri olan filosof Aleksandr Duqin yazıb.
O, növbəti paylaşımında qeyd edib ki, “müharibə zamanı laqeydlik illüziyasının niyə davam etdiyini” başa düşmür: "Biz Qərblə birbaşa sivilizasiya müharibəsi aparırıq, amma bunu tam başa düşmürük və onları əsl düşmən adlandırmırıq. Belə yarı oyaq vəziyyətdə döyüşmək ölümcül təhlükəlidir".
Duqin müharibəyə qoşulmayan rusiyalıları, xüsusilə də moskvalıları "arxa cəbhə qarışqaları" adlandırır və əlavə edir ki, “arxa cəbhə qarışqaları əsas resurs tükəndikdə səfərbər olunacaqlar".
Qeyd edək ki, “Putinin filosofu” kimi də tanınan Duqin daha əvvəl rusları hüquq-mühafizə orqanlarının əməkdaşlarına (Daxili İşlər Nazirliyi, FSB və Rusiya Milli Qvardiyası) "Tanrının elçiləri" kimi yanaşmağa çağırmışdı. Qərbdə hazırlanmış məişət cihazlarının, qəhvə maşını və elektrik rozetkalarının belə ruslara qarşı casusluq etdiyini iddia etmişdi. "Oreshnik"lə Ukraynaya raket zərbələrindən sonra isə dünyanın sonunun yaxınlaşması səbəbindən hər kəsi təcili olaraq "xaç çəkməyə" çağırmışdı.
“AzPolitika.info”

Şərhlər