"Rusiyanın Ermənistana əlavə ödəniş etməsi məsələsini qaldırmaq əsassızdır".

“AzPolitika” xəbər verir ki, bunu Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikov deyib.

Nazirin Rusiya mediasında yayımlanan açıqlamasına görə, Ermənistanın Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı Rusiyadan əlavə ödəniş tələblərinin əsası yoxdur.

Onun sözlərinə görə, Cənubi Qafqaz Dəmir Yolu "sərbəst" aktiv deyil, Rusiyanın 30 milyard rubldan çox investisiya yatırdığı, dəmir yolu heyətini yenilədiyi və müqavilə öhdəliklərinə uyğun olaraq infrastrukturu inkişaf etdirdiyi bir müəssisədir.

Nazir qeyd edib ki, əgər bu öhdəliklər birtərəfli qaydada yenidən nəzərdən keçirilərsə və investora zərər dəyərsə, Rusiyanın kompensasiya tələb etmək hüququ olacaq.

Xatırladaq ki, dünən Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan Cənubi Qafqaz Dəmir Yollarının idarəçiliyində olan dəmir yolu şəbəkəsinin icarəsinə görə Rusiyadan ildə 2 milyard dollar tələb edə biləcəyini deyib: "Hələlik belə bir müzakirə olmayıb, lakin dəmir yolu ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Bu bizim mülkiyyətimizdir və Ermənistan Respublikası dəmir yolundan özünün məqsədəuyğun bildiyi kimi istifadə etmək imkanına malik olmalıdır…Bəlli ola bilər ki, 30 il ərzində Ermənistanda pulsuz olan bir şeyə görə Ermənistan 2 milyard dollar tələb etməyə başlasın. Mən dəmir yoluna eyham vurmuram, birbaşa deyirəm ki, bu, Ermənistan Respublikasının mülkiyyətidir və başqa variant yoxdur".

“AzPolitika.info”