"Xüsusi hərbi əməliyyatın başa çatmasında həqiqətən çox kritik bir mərhələdəyik. Və əminəm ki, siz bizim qələbəmizə töhfə verəcəksiniz".
“AzPolitika” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qvardeysk gənclər forumunda deyib. “RİA Novosti” Medvedevin çıxışını yayımlayıb.
O qeyd edib ki, döyüş əməliyyatlarında iştirak etmək qərarı risklərlə doludur və könüllüləri özlərini qorumağa çağırıb: "Bizə qələbə lazımdır, amma nəyin bahasına olursa olsun yox”.
Bu arada Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Qriqori Karasin bildirib ki, Moskva Ukrayna ilə müharibəni 2026-cı ilə qədər bitirmək istəyir: "Təbii ki, bu əməliyyatı bu il başa çatdırmaq istərdik, amma bu, təkcə bizdən, əsgərlərimizdən və bütün ölkənin qətiyyətindən asılı deyil".
Onun sözlərinə görə, müharibənin mümkün sonu "beynəlxalq vəziyyətdən və Ukrayna Silahlı Qüvvələrinin (UHQ) Rusiyaya qarşı zərbələri ilə bağlı vəziyyətdən" asılı olacaq.
"İstək var, amma bu istəyi reallığa çevirmək vacibdir - məsələ budur. Bir sözlə, hər şey hər şeydən asılıdır", - Karasin əlavə edib.
Ancaq qeyd edək ki, Medvedevin, xüsusilə də Karasinin dediklərilə Vladimir Putinin son çıxışları arasında bir qədər uyğunsuzluq var. Putin iyulun 27-də VIII Dövlət Dumasının deputatları ilə görüşdə Rusiyanın “SVO”-da məqsədlərinə mütləq çatacağını bildirib. O, həmçinin bütün Rusiya xalqının “xüsusi hərbi əməliyyat” iştirakçılarını dəstəklədiyini iddia edib.
İyun ayında Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumundakı çıxışında isə Putin Rusiyanın yalnız öz məqsədlərinə çatdıqdan sonra hərbi əməliyyatların başa çatacağını demişdi. Bu məqsədlər 2024-cü ilin iyun ayında elan edilib və Ukraynanın bütün Donbasdan, eləcə də Xerson və Zaporojyedən çıxmasını nəzərdə tutur. Kiyev bu tələbləri dəfələrlə rədd edib və nəinki Xerson və Zaporojyedən, heç Donetsk vilayətinin qalan hissəsindən də çıxmaq fikrində deyil. Çünki bütün bu torpaqlar Ukraynanın suveren əraziləridir.
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər