Ermənistan Milli Məclisində Hesablama Komissiyası yaradıldıqdan sonra parlament sədrinin müavini vəzifəsinə seçkilər keçirilib. Xəbər verdiyimiz kimi, səsverməyə hakim "Vətəndaş Müqaviləsi" partiyasından yalnız bir namizədin - əvvəlki parlamentdə də vitse-spiker postunu tutmuş Ruben Rubinyanın namizədliyi irəli sürülüb.

"AzPolitika" xəbər verir ki, namizədi parlament fraksiyasının rəhbəri Arusyak Manavazyan təqdim etsə də, deputatlar ona heç bir sual ünvanlamayıblar.

Çıxış edən Ruben Rubinyan yeni parlamentin əvvəlkindən daha təhqiramiz və gərgin olacağı ilə bağlı bədbin proqnozları boşa çıxarmaq üçün müxalifətə müraciət edib. O, siyasi ziddiyyətlərin dərin kökləri olduğunu vurğulayaraq, müxalifətin 2018-ci ildəki "Məxməri inqilab"ın nəticələrini həzm edə bilmədiyini və bu böhranın 2021-ci ildə daha da dərinləşdiyini bildirib.

Rubinyan "Güclü Ermenistan" partiyasından olan deputat Edqar Qazaryanı yeni parlamentdə hakimiyyət dəyişikliyini "Türk-Azərbaycan inqilabı" adlandıran şəxslərin oturduğunu diqqətə çatdırıb. Hökumətin müxalifətə münasibətinə toxunan vitse-spiker namizədi qeyd edib ki, müxalifət xalqın seçimini tanımadığı üçün hakimiyyət də onları "dövlətə qarşı olan qüvvə" kimi görür.

Sonda müxalifətə etik qaydalar çərçivəsində, lakin kəskin debat yürütməyi və münasibətləri sıfırdan başlamağı təklif edən Rubinyan xəbərdarlıq edib: "Əgər müxalifət bu təklifləri qəbul etsə, işlər düzgün məcrada gedəcək. Əks halda, biz köhnə metodlara əl atacağıq və buna tam mənada hazırıq".

Rubinyanın çıxışından sonra 14 deputat ona sual vermək üçün növbəyə yazılıb. Suallar zamanı müxalifətin sərt və qalmaqallı ritorikası diqqət çəkib. "Güclü Ermənistan" partiyasından olan Qarnik Davtyan Rubinyandan Türkiyədə təhsil aldığı müddətdə türklərlə hər hansı təmasının olub-olmadığını soruşub. Rubinyan təmasların olduğunu və bunun təkcə təhsil aldığı dövrlə məhdudlaşmadığını gizlətməyib. Eyni partiyadan olan Vaqinak Vardanovun Rubinyana ünvanladığı şəxsi xarakterli təxribatçı suala cavab olaraq vitse-spiker iddiaları kəskin şəkildə təkzib edib.

"Ermənistan" fraksiyası isə diqqəti Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsi prosesinə yönəldib. Müxalifət Kərki kəndinin gələcək taleyi ilə maraqlanıb və bu ərazinin Azərbaycana təhvil verilməyəcəğinə dair zəmanət tələb edib. Ruben Rubinyan suala cavabında bildirib ki, Ermənistanın suveren ərazilərindən heç bir torpaq sahəsi başqa ölkəyə verilə bilməz.

Rasim Əliyev

“AzPolitika.info”