"Mən həmişə rəqibdən yox, özümüzdən narahat olmuşam".

"AzPolitika" xəbər verir ki, bunu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Dinamo Kiyev" - "Qarabağ" qarşılaşmasından əvvəl Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

O bildirib ki, komandası ilə bağlı bəzi narahatlıqları var: "ÇSKA Sofiya"ya qarşı cavab oyunundan sonra bəzi futbolçularda mikro zədələr yarandı, tam formada məşq edə bilmədilər. Oyundan sonra məşqçilərlə müzakirə edərkən də dedim ki, bu gün 120 dəqiqə oynamaq istənilən komanda üçün tezdir. Heyətdə 90 dəqiqə oynamağa hazır olmayan oyunçular var idi. Zədədən qayıdan bəzi oyunçuların bərpası gec oldu".

"Dinamo Kiyev" kimi rəqiblərə, xüsusilə də köhnə postsovet komandalarına qarşı oynamağı xoşlamışam. Uşaq vaxtdı "Dinamo Kiyev"ə azarkeşlik etmişəm. O vaxtı əsas komandalar "Dinamo Kiyev" və "Spartak" idi. Köhnə "Spartak"ın oyunu mənim üçün daha uyğun idi. Ancaq "Dinamo"ya daha çox azarkeşlik edirdim. Bu cür komandalara qarşı oynamaq həmişə maraqlıdır. Bəlkə də, başqa komanda olsaydı, bizdə də azarkeşlər arasında oyuna maraq belə böyük olmazdı. Ancaq "Dinamo"nu hamı tanıyır, yaşlı nəsil onların oyunlarına baxıb. Belə komandalara qarşı oynamaq mənim üçün prestij olub, çəkinməmişəm. Həmişə demişəm irəli getmək, böyümək üçün bu cür komandalara qalib gəlməlisən", - deyə baş məşqçi vurğulayıb.

Qeyd edək ki, "Arena Lublin" stadionunda keçiriləcək "Dinamo Kiyev" - "Qarabağ" matçı avqustun 6-ı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması avqustun 13-də saat 20:00-da başlayacaq.