Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına (Aİ) inteqrasiyası və Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyü barədə ziddiyyətli açıqlamalar verib.
"AzPolitika" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS agentliyinə müsahibəsində bildirib.
Nazir müavini xatırladıb ki, Ermənistan Konstitusiyasının 205-ci maddəsinə əsasən, ölkənin beynəlxalq təşkilatlara daxil olması ilə bağlı referendum keçirilməsi təşəbbüsü hökumət tərəfindən irəli sürülməlidir. Lakin 2025-ci ildə Aİ-yə qoşulma prosesinə dair gələcək qanun layihəsinin müzakirəsi zamanı Konstitusiyanın bu tələbinə əməl olunmayıb. Qaluzinin sözlərinə görə, Ermənistan rəhbərliyi həmin sənədi sadəcə hüquqi qüvvəsi olmayan siyasi bəyannamə hesab etdiyi üçün referendum keçirməyə ehtiyac görməyib.
Diplomat əlavə edib ki, İrəvan indi keçirilən son seçkilərin nəticələrini xalqın Avropayönlü kursa dəstəyi kimi qələmə verir və bunu referenduma ehtiyac olmaması ilə əsaslandırır.
"Seçki kampaniyası zamanı Paşinyan tamamilə ziddiyyətli və qarışıq bəyanatlar verirdi. O, hətta bəzən Ermənistanın Aİ-yə dəvət edilmədiyini və heç vaxt üzv ola bilməyəcəyini də etiraf edirdi. Çox söz deyilib, amma ortada heç bir aydınlıq yoxdur", – deyə Qaluzin vurğulayıb.
Rusiya XİN rəsmisi bildirib ki, məhz bu qeyri-müəyyənliyə görə Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri Ermənistan xalqının bu məsələdə real mövqeyini öyrənməyin vacibliyini dilə gətiriblər.
Qaluzin fikrini belə yekunlaşdırıb:
"Məsələ mücərrəd şəkildə 'Aİ-yə daxil olmaq istəyirsinizmi?' kimi deyil, daha dürüst və praktiki müstəvidə qoyulmalıdır: 'Dəqiq olmayan Aİ perspektivi xatirinə AİB-dəki real üzvlükdən imtina etməyə hazırsınızmı?' Ermənistan vətəndaşları və AİB-yə üzv ölkələr üçün sualın ən dürüst qoyuluşu məhz budur".
E. Səlimov
AzPolitika.info

Şərhlər