Vladimir Putin qeyri-adi bir addım ataraq keçmiş ABŞ dəniz piyadası Robert Gilmanı həbsdən azad edib və bunun müqabilində ABŞ-dən bir nəfər də olsun rusiyalı məhbus almayıb. 

“AzPolitika” xəbər verir ki, “Sky News”un məqaləsində belə deyilir.

“Sky News”un müxbiri İvor Bennettin sözlərinə görə, Donald Trampa bu gözlənilməz "hədiyyə" Putinin Ukraynadakı müharibə ilə bağlı güzəştli münasibət əldə etmək cəhdidir.

Adətən, Rusiya həbsxanadan bir Amerika vətəndaşını azad etdikdə, ABŞ qarşılığında Moskvaya kimisə təhvil verir. Məsələn, 2024-cü ildə Rusiya kütləvi məhbus mübadiləsi çərçivəsində “Wall Street Journal” müxbiri Evan Qerşkoviçi azad etdi və onun əvəzinə ABŞ-dən öz adamlarını aldı. Həmçinin 2022-ci ildə basketbolçu Brittney Griner məşhur rusiyalı silah baronu Viktor Butla dəyişdirildi.

Lakin bu dəfə mübadilə birtərəfli oldu - keçmiş ABŞ dəniz piyadası Robert Gilman azad edildi, lakin Rusiya qarşılığında heç kimi almadı.

Gilman 2022-ci ildə Rusiyada polis əməkdaşına hücum etdiyinə görə həbs edilib və dörd ildən çox həbsxanada yatıb. Onun azadlığa buraxılması ötən həftə səhhətinin pisləşməsi barədə xəbərlərdən sonra baş verib. Adı çəkilməyən ABŞ rəsmisinin sözlərinə görə, Putin keçmiş dəniz piyadasının azadlığa buraxılmasını "xoşməramlı jest" kimi təsdiqləyib.

Nəşrin analitiki qeyd edir ki, bu, olduqca qeyri-adi haldır, çünki Moskva nadir hallarda “havayı” bir şey verir və bu baxımdan Putinin mövqeyini yumşaltması ehtimalı azdır. Deməli, onun gözləntiləri başqadır: "Bu, Kremlin diplomatik dividendlər qazanmaq ümidi ilə Ağ Evin dəstəyini əldə etmək üçün o qədər də incə olmayan bir cəhdidir. (Moskvanın bunun əvəzində nə qazanmaq istədiyini təxmin etmək çətin deyil)".

Müəllif qeyd edir ki, hazırda Rusiya Ukraynadakı müharibə səbəbindən ölkə daxilində getdikcə artan problemlərlə üzləşir. Rusiya hərbi və mülki obyektlərinə qarşı dron hücumları daha tez-tez baş verir. Neft emalı zavodlarına hücumlar iqtisadiyyata zərər vurur və diqqəti Moskvanın hərbi cəhətdən zəif olmasına cəlb edir. Lakin dörd il yarım keçməsinə baxmayaraq, münaqişənin sonu hələ də görünmür. ABŞ-nin vasitəçiliyi ilə aparılan sülh danışıqları isə Donald Trampın İrana qarşı müharibəyə başlamasından sonra dayanıb.

Bundan əlavə, Donald Tramp Volodimir Zelenski ilə daha da yaxınlaşıb və Ağ Ev Kiyevə meyl etməyə başlayır. Bu, Trampın Alyaskada Putin üçün qırmızı xalı açdığı və Kremlin tələblərini yerinə yetirəcək sülh razılaşmasına açıq olduğu ötən ilki atmosferdən çox fərqlidir.

"Gilmanın azad edilməsi Moskvanın münasibətləri canlandırmaq və vəziyyəti Rusiyanın istədiyi yola qaytarmaq cəhdidir. Bu tədbir Putini Trampın iş görə biləcəyi ağlabatan bir tərəfdaş kimi təqdim etmək məqsədi daşıyır. Hələlik bu, bir hədiyyədir, amma Rusiya şübhəsiz ki, bunun müqabilində nəyəsə ümid edəcək", - Bennet hesab edir.

Beləliklə, müəllifin də qeyd etdiyi kimi, Rusiya hər nə qədər “sona qədər döyüşəcəyik” bəyanatları versə də, ABŞ ilə “dil tapmağa” və Trampın vasitəsilə Ukrayna ilə gələcək danışıqlarda özü üçün daha məqbul şərtlərə nail olmağa çalışır.

C.Məmmədli

“AzPolitika.info”