Sosial şəbəkədə etik qaydaları pozan daha bir tiktoker saxlanılıb.

"AzPolitika" lent.az-a istinadən bildirir ki, şirkətdə usta işləyən 39 yaşlı Hacı Muradov (şərti adla) tiktok sosial şəbəkəsində özünə məxsus hesabda canlı yayım açaraq, nalayiq ifadələr işlədib. Bununla da o, ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən əməllərə yol verib.

Faktla bağlı o, polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

İki uşaq atası olan Hacı Muradov bildirib ki, işdən evə qayıdarkən yolda canlı yayım açıb. O, əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini deyib.

Məhkəmənin qərarı ilə Hacı Muradov 800 manat məbləğində inzibati qaydada cərimələnib.