İkinci əl avtomobil bazarında uzunömürlü və etibarlı modellərin siyahısı açıqlanıb. Mütəxəssisin sözlərinə görə, düzgün mühərrik və sürətlər qutusu ilə seçilən bəzi avtomobillər ciddi nasazlıq olmadan 400-500 min kilometr yol gedə bilər.

"AzPolitika" lent.az-a istinadən bildirir ki, avtomobil seçimi üzrə ekspert Ruşan Mamışev ən etibarlı modellər sırasında "Volkswagen Polo" və "Skoda Rapid"i göstərib.

Onun sözlərinə görə, bu iki model texniki baxımdan bir-birinə çox yaxındır. Ən etibarlı seçim 1,6 litrlik atmosfer mühərriki və klassik avtomatik sürətlər qutusu ilə təchiz olunan versiyalardır.

Ekspert turbo mühərrikli və robotlaşdırılmış sürətlər qutusuna malik avtomobillərdən uzaq durmağı məsləhət görüb. Bildirilib ki, belə versiyalar daha tez sıradan çıxa və təmir üçün böyük xərc tələb edə bilər.

"Volkswagen Polo" və "Skoda Rapid"in istismar müddəti 400-500 min kilometrə çata bilər. 2015-2019-cu il istehsalı olan modellərin qiyməti 25-30 min manat, 2020-2022-ci il avtomobillərinin qiyməti isə 29-37 min manat aralığında dəyişir.