Vladimir Putin bu qış Ukraynada yeni bir hücuma hazırlaşır. Bu hücum Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə və mülki infrastrukturuna zərbələr endirməyi nəzərdə tutur ki, bu da müharibəni daha da dağıdıcı edir.

“AzPolitika” xəbər verir ki, bu barədə "The New York Times"(NYT) qəzeti Qərb rəsmilərinə istinadla məlumat yayıb.

Həmin məlumata görə, Putin payızda, Duma seçkilərindən sonra yeni səfərbərlik elan edəcək. Qərb rəsmiləri küncə sıxışdırılmış Rusiya Prezidentinin NATO ilə münasibətləri gərginləşdirə və alyansı parçalamaq üçün Avropada hibrid hücumlar başlada biləcəyini proqnozlaşdırırlar.

Qərb rəsmiləri hesab edirlər ki, Putin Donbas uğrunda müharibəni 2027-ci ilin payızına qədər davam etdirəcək. Bundan sonra danışıqlar üçün yeni bir pəncərə açıla bilər. Mənbələr NYT-yə bildiriblər ki, Kremlin Donetsk vilayətini tam nəzarətə götürmək tapşırığı yerinə yetirilməsə, danışıqalr pəncərəsinin açılması ehtimalı daha böyük olacaq.

Üç Qərb rəsmisi nəşrə bildirib ki, Fransa, Almaniya və Birləşmiş Krallıq Ukrayna ilə bağlı gələcək danışıqlarda Avropanın iştirakına çalışır. Bu ölkələrin nümayəndələri hesab edirlər ki, müharibənin həlli və Rusiya ilə gələcək münasibətlər region üçün çox vacibdir və bu işi yalnız Donald Tramp administrasiyasına etibar etmək doğru olmaz. Böyük Britaniya, Fransa və Almaniya Kiyevi dəstəkləyən "könüllülər koalisiyası"nın əsasını təşkil edir və mümkün razılaşmadan sonra Ukraynaya təhlükəsizlik zəmanətləri üçün seçimlər hazırlayırlar.

Rəsmilərin fikrincə, Polşa, İtaliya və Skandinaviya ölkələri ilə məsləhətləşmələr də zəruridir.

Almaniya Bundestaqının Xarici İşlər Komitəsinin sədri Norbert Röttgenin sözlərinə görə, Putinin danışıqlara marağının olmaması nəzərə alınmaqla, avropalıların cəhdləri arzuları reallıq kimi təqdim etməyə bənzəyir: "Müəyyən bir məqamda Avropa danışıqlarda iştirak etməlidir, çünki onun təhlükəsizliyi təhdid altındadır və bu təhlükəsizlik artıq Vaşinqton tərəfindən həyati maraq təşkil etmir. Lakin hələlik Putin Qərbi bölmək cəhdlərinə və Avropa ilə yalnız ABŞ vasitəsilə əlaqə qurmağa üstünlük verir”.

C.Məmmədli

“AzPolitika.info”