İran ABŞ Prezidenti Donald Trampın müharibəni daha da genişləndirməsi ehtimalına qarşı mümkün cavab tədbirlərinin coğrafiyasını Yaxın Şərqdən kənara çıxarmağa hazırlaşır.

"AzPolitika" xəbər verir ki, xarici mətbuatda yayılan məlumatlara görə, Tehran ABŞ-nin İran ərazisindəki kritik infrastruktura zərbə endirməsi halında Avropadakı ABŞ və Britaniya hərbi obyektlərini potensial hədəf kimi nəzərdən keçirir.

İran rejiminə yaxın yüksək səviyyəli mənbələrin məlumatına əsasən, Bolqarıstanda ABŞ təyyarələrinə yanacaq doldurma imkanları yaradan Bezmer Hava Bazası, eləcə də Cənubi Kiprdə yerləşən və Britaniya hərbi qüvvələrinin istifadə etdiyi Akrotiri bazası potensial hədəflər sırasında göstərilir.

İranlı bir rəsmi Britaniya mətbuatına açıqlamasında bildirib ki, ABŞ İranın kritik infrastrukturunu hədəfə alarsa, Tehran cavab verməkdən çəkinməyəcək və qarşıdurmanı Avropaya qədər genişləndirə bilər.

Məlumata görə, İranın nəzərdən keçirdiyi ssenarilər yalnız hərbi obyektlərlə məhdudlaşmır.

Tehranın Hörmüz boğazında qlobal rabitə üçün mühüm əhəmiyyət daşıyan sualtı fiber-optik kabellərə zərər vurmaq variantını da nəzərdən keçirdiyi bildirilir. Yerli mənbələr Bezmer və Akrotiri bazalarının İran tərəfindən potensial raket və pilotsuz uçuş aparatı hədəfləri kimi qiymətləndirildiyini təsdiqləyib.

Londonda yerləşən RUSI araşdırma mərkəzinin tədqiqatçısı Sidhart Kaushal İranın “Şahab” seriyalı orta mənzilli ballistik raketlərlə Cənub-Şərqi Avropadakı hədəfləri vurmaq imkanına malik olduğunu bildirib.

Lakin onun sözlərinə görə, məsafə artdıqca İranın raketlə daşıya biləcəyi yük azalır və bu da mümkün hücumun zərərvermə qabiliyyətini məhdudlaşdıra bilər.

Hərbi ekspertlər isə hesab edirlər ki, Tehran birbaşa ballistik raket hücumundan başqa, İraq, Livan və Yəməndəki müttəfiq silahlı qruplar vasitəsilə də ABŞ və onun müttəfiqlərinə qarşı təzyiqi artıra bilər.

"AzPolitika.info"