Nərimanov rayonunda yol təmiri ilə bağlı aparılan işlərin uzun müddətdir yekunlaşdırılmaması sakinlərin narazılığına səbəb olub.

"AzPolitika" oxu.az-a istinadla bildirir ki, Albert Aqarunov küçəsində yol təmiri ilə bağlı işlər ya ləng aparılır, ya da ümumiyyətlə, müəyyən müddətlərdə dayanır.

"Azərbaycan İqtisad Universitetinin yaxınlığındakı ərazidə də yol gah açılır, gah bağlanır. Bu vəziyyət nəqliyyatın hərəkətinə ciddi çətinlik yaradır. Hazırda metronun "Gənclik" stansiyasından "Nərimanov" stansiyası istiqamətində hərəkət edən sürücülər əsasən Fətəli Xan Xoyski prospektindən istifadə etməli olurlar. Nəticədə həmin istiqamətdə ciddi sıxlıq yaranır. Təxminən 2 kilometrlik məsafəni keçmək üçün 30 dəqiqəyə qədər vaxt itirməli oluruq", - deyə şikayətdə bildirilib.

Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli sözügedən ərazidə işlərə texniki fasilə verildiyini bildirib:

Bakının mərkəzindəki yolda təmir işləri niyə DAYANDIRILIB?

"Metronun "Koroğlu" stansiyasında Həsən Əliyev küçəsi istiqamətində həyata keçirilən işlər Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər Dövlət Proqramı" çərçivəsində icra olunan iri yol infrastrukturu layihəsinin tərkib hissəsidir. Layihə çərçivəsində uzunluğu təxminən 4 kilometr olan yeni avtomobil yolunun, həmçinin 4 tunelin və 3 yeraltı piyada keçidinin inşası nəzərdə tutulub. İşlər təsdiq edilmiş layihə və tikinti qrafikinə uyğun mərhələli şəkildə həyata keçirilir.

Hazırda ictimaiyyətin diqqətini çəkən ərazidə texniki fasilə verilib. Bu, layihənin dayandırılması və ya icrasında hər hansı gecikmənin olması anlamına gəlmir. Belə iri infrastruktur layihələrində tikinti prosesinin ayrı-ayrı sahələr üzrə mərhələli təşkili, texnoloji ardıcıllığın qorunması, mühəndis-kommunikasiya xətlərinin köçürülməsi və digər texniki zərurətlər səbəbindən müəyyən hissələrdə müvəqqəti fasilələrin yaranması normal təcrübədir.

Layihənin digər hissələrində tikinti-quraşdırma işləri qrafikə uyğun şəkildə davam etdirilir və ümumi icra prosesində hər hansı yubanma yoxdur. Yaxın müddətdə qeyd olunan ərazidə də işlərin növbəti mərhələsinə başlanılması nəzərdə tutulur.

Bir daha bildiririk ki, layihə təsdiq olunmuş iş qrafikinə uyğun icra edilir və nəzərdə tutulan müddətlər çərçivəsində davam etdirilir".