Şimali Koreya ABŞ Prezidenti Donald Trampın Cənubi Koreya ilə birgə hərbi təlimlərin həcmini birtərəfli qaydada azaltmaq əmrindən sonra Seulu Vaşinqtonun "marionet dövləti" adlandırıb.

"AzPolitika" xəbər verir ki, Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çenq KCNA dövlət xəbər agentliyinə açıqlamasında Seulun düşdüyü vəziyyəti kəskin tənqid edib:

"Tramp qəfildən təlimlərin keçirilmə maştabının azaldılmasını əmr etdi. Bu addım Seulu çox sevdiyi hərbi təlimləri ləğv etmək məcburiyyəti qarşısında qoyaraq çətin vəziyyətə saldı. Cənubi Koreya Amerika qoşunlarının geri çəkilməsinə etiraz olaraq tək bir söz belə deyə bilmir. Bu, marionet ordunun qaçılmaz taleyidir".

Dialoq cəhdlərinə raketlərlə cavab

Bu sərt bəyanatlar Pxenyanın Trampın Şimali Koreya ilə dialoqu bərpa etmək cəhdlərini rədd etməsindən cəmi bir gün sonraya təsadüf edib. Kim Yo Çenq ABŞ prezidentinin Kim Çen Inla münasibətləri bərpa etməsi barədə iddialarını da şübhə altına alıb. Bəyanatın ardından Şimali Koreyanın bir neçə qısamənzilli ballistik raket buraxması Pxenyannın Vaşinqtonla masaya oturmaq niyyətində olmadığını bir daha nümayiş etdirib.

Trampın birtərəfli qərarı Seulu təəccübləndirdi

ABŞ və Cənubi Koreya hərbçiləri avqustun 19-da illik yay təlimlərini gözləniləndən tez başa çatdıracaqlarını elan ediblər. Bazar ertəsi başlayan və əvvəlcədən 27 avqusta qədər davam etməsi nəzərdə tutulan təlimlərin müddətiTrampın Kim Çen Inla yaxşı münasibətlərini əsas gətirərək Pentaqona verdiyi göstərişdən sonra qısaldılıb.

Qərarın Seulun əvvəlcədən razılığı alınmadan verilməsi diqqət çəkir. Tramp bu addımı atarkən Cənubi Koreyanın mövqeyini və Seulun Amerikanın İrana qarşı müharibəsini dəstəkləməməsini də dolayı yolla əsas gətirib.

Vaşinqtonun bu addımı ilk olaraq Seulda təəccüblə qarşılanıb və ABŞ-nin müttəfiqi qarşısındakı təhlükəsizlik öhdəliklərinə sadiqliyi ilə bağlı suallar doğurub. Buna baxmayaraq, Cənubi Koreya Prezidenti Li Ce Myonq sonradan Trampın qərarını alqışlayaraq, bunu ABŞ liderinin Koreya yarımadasında sülhə sadiqliyinin göstəricisi kimi qiymətləndirib.

Lakin Pxenyanda bu hadisə Seulun Vaşinqtondan tam asılı vəziyyətdə olmasının növbəti sübutu kimi qəbul edilib.

E. Səlimov

AzPolitika.info