Danimarkanın Baş naziri Mette Frederiksen Ukraynaya ölkəsinin hərbi yardımının limitsiz olacağını bəyan edib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, baş nazir bunu avqustun 23-də Kiyevdə birgə mətbuat konfransında bildirib.

"Danimarka Ukraynaya müddət məhdudiyyəti olmadan hərbi yardım vəd edir. Mən bunu buradan bütün ukraynalılara bəyan edirəm. Ölkəm Rusiyadan müdafiə üçün lazım olduğu qədər silah tədarük etməyə, HHM sahəsində yardım göstərməyə və Ukrayna müdafiə sənayesini dəstəkləməyə davam edəcək. Ukraynanın mübarizəsi daha geniş əhəmiyyət daşıyır. Ukraynalılar Xarkovu və Odessanı müdafiə edərək eyni zamanda digər Avropa şəhərlərini də qoruyurlar. Danimarka, Şimali Avropa və Baltik ölkələri sizinlə birlikdədir. Biz əvvəldən bilirdik ki, müharibəni təkcə sözlərlə qazanmaq mümkün deyil. Danimarka artıq dəfələrlə Ukraynaya silah və hərbi texnika ilə kömək edib. İndi isə güclü hava hücumundan müdafiəyə kəskin ehtiyac duyduğunuz vaxtda onu təqdim etməyi vəd edirik", - o vurğulayıb.