Bakıda keçiriləcək iki avrokubok qarşılaşmasının biletlərinin qiymətləri futbol azarkeşləri arasında müzakirələrə səbəb olub.
"AzPolitika" xəbər verir ki, bu gün, avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda “Sabah” FK UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel Beer-Şeva” komandası ilə qarşılaşacaq. Görüş saat 20:45-də başlayacaq. Biletlərin qiyməti 10, 15, 20 və 30 manat müəyyənləşdirilib.

İki gün sonra – avqustun 27-də isə “Qarabağ” FK UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” klubu ilə üz-üzə gələcək. Saat 20:00-da başlayacaq qarşılaşma yenə Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. “Qarabağ” – “Tvente” matçı üçün biletlər isə 20, 50, 75 və 100 manat təşkil edir.
Beləliklə, iki qarşılaşmanın bilet qiymətləri arasında nəzərəçarpacaq fərq yaranıb.
Azarkeşlər “Qarabağ”ın Konfrans Liqasındakı pley-off qarşılaşmasına biletləri bu qədər yüksək qiymətə satışa çıxarmasını tənqid edərək, Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparan “Sabah”ın 10 manatdan başlayan bilet qiymətlərini nümunə göstəriblər.
"AzPolitika.info"

Şərhlər