Həkimlərin gəlirləri ölkələr üzrə bir-birindən kəskin fərqlənir.

"AzPolitika" xəbər verir ki, 2025-ci il üzrə açıqlanan son statistik məlumata görə, bəzi ölkələrdə həkimlərin illik qazancı yüz minlərlə dollarla ölçüldüyü halda, bir sıra dövlətlərdə bu göstərici 20-30 min dollar səviyyəsindədir.

Həkimlərin ən çox qazandığı ölkə ABŞ-dir. Ölkədə həkimlərin illik orta maaşı 268 083 dollar göstərilir. Bu, aylıq hesabla təxminən 22,3 min dollara bərabərdir. ABŞ-ni İsveçrə – 266 900 dollar, Lüksemburq – 260 700 dollar və Bermud adaları – 235 787 dollar izləyir.

İlk beşliyə İslandiya da daxildir. Burada həkimlərin illik gəliri 202 900 dollar göstərilir. Avstraliya, Finlandiya, İrlandiya, Danimarka və Belçika da həkimlərin yüksək gəlir əldə etdiyi ölkələr sırasındadır.

Avropanın bir sıra inkişaf etmiş ölkələrində də həkim maaşları kifayət qədər yüksəkdir. Almaniyada illik göstərici 168 700 dollar, Böyük Britaniyada 163 200 dollar, Fransada 155 000 dollar, İtaliyada isə 151 500 dollar təşkil edir.

Şimali Avropa ölkələri də yüksək göstəricilərlə seçilir. Norveçdə həkimlərin illik maaşı 170 900 dollar, Avstriyada 170 700 dollar, Niderlandda 171 400 dollar, İsveçdə isə 112 200 dollar göstərilir. Polşada bu rəqəm 61 400 dollar, Rumıniyada 62 300 dollar, Bolqarıstanda 63 090 dollar, Macarıstanda 63 200 dollar, Türkiyədə isə 63 100 dollar təşkil edir.

Azərbaycanda isə vəziyyət bu ölkələrlə müqayisədə xeyli fərqlidir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında səhiyyə sahəsində fəaliyyət göstərən şəxslərin orta aylıq əməkhaqqı 926,4 manat olub. Bu göstərici illik hesablandıqda təxminən 11 117 manat edir.

Bununla yanaşı, TƏBİB-in sabiq sədri Vüqar Qurbanovun ötən ilin sonunda verdiyi açıqlamaya əsasən, həkimlərin orta aylıq əməkhaqqı 1 850 manat təşkil edir. Bu rəqəm illik hesablamada 22 200 manat, 1 dolların 1,7 manat məzənnəsi ilə isə təxminən 13 060 dollar edir.

Bu rəqəm təqdim olunan beynəlxalq siyahıda ən aşağı göstəricilərdən biridir. Məsələn, Belarusda illik həkim maaşı 12 566 dollar, Misirdə 15 900 dollar, Pakistanda 18 600 dollar, Argentinada isə 21 089 dollar göstərilir.

Başqa sözlə, Azərbaycan üzrə 13 min dollarlıq göstərici Belarusdan bir qədər yüksək, lakin Misir, Pakistan və Argentina kimi ölkələrdən belə aşağı səviyyədədir.

Digər tərəfdən, həkimlərin illik gəlirləri ilə yanaşı, saatlıq qazancında da ölkələr arasında ciddi fərq müşahidə olunur.

Siyahının ilk pilləsində yenə ABŞ qərarlaşıb. ABŞ-də həkimlərin saatlıq qazancı 129 dollar göstərilir. İsveçrədə bu göstərici 128 dollar, Lüksemburqda 126 dollar, Bermud adalarında isə 113 dollar təşkil edir.

İlk beşlikdə yer alan İslandiyada həkimlər saatda 98 dollar qazanır. Avstraliyada bu rəqəm 96, Finlandiyada 91, İrlandiyada 90, Danimarkada 89, Belçikada isə 88 dollardır.

Avropanın digər aparıcı ölkələrində də saatlıq qazanc kifayət qədər yüksəkdir. Almaniyada həkimlərin saatlıq gəliri 81 dollar, Böyük Britaniyada 79 dollar, Fransada 74 dollar, İtaliyada isə 73 dollar göstərilib.

Polşada saatlıq qazanc 29 dollar, Türkiyədə 30 dollar, Gürcüstanda isə 58 dollar təşkil edir. 

Azərbaycanda bir həkim saatda nə qədər qazanır?

Əgər həkimin ay ərzində orta hesabla 176 saat işlədiyi qəbul edilərsə, aylıq 1 850 manatlıq maaşla saatda təxminən 10,5 manat, təxminən 6,2 dollar edir.

Təqdim olunan beynəlxalq siyahıdakı göstəricilərlə müqayisədə Azərbaycanda həkimin təxmini saatlıq qazancı ABŞ-dakı 129 dollarlıq göstəricidən təxminən 21 dəfə aşağıdır. Başqa sözlə, ABŞ-də həkimin bir saatlıq qazancı Azərbaycanda orta həkim maaşının təxminən 3 həftəlik qazancına bərabərdir...

Təqdim olunan statistikaya əsasən, həkimlərin illik gəlirlər belədir:

YerÖlkəİllik maaş
1ABŞ268 083 $
2İsveçrə266 900 $
3Lüksemburq260 700 $
4Bermud adaları235 787 $
5İslandiya202 900 $
6Avstraliya199 071 $
7Finlandiya189 000 $
8İrlandiya187 000 $
9Danimarka185 400 $
10Belçika183 120 $
11Kanada181 623 $
12BƏƏ178 500 $
13Honq Konq173 900 $
14Niderland171 400 $
15Norveç170 900 $
16Avstriya170 700 $
17Yeni Zelandiya168 900 $
18Almaniya168 700 $
19Baham adaları165 263 $
20Böyük Britaniya163 200 $
21Sinqapur161 300 $
22Fransa155 000 $
23İtaliya151 500 $
24İsrail142 400 $
25Yaponiya142 000 $
26Malta128 400 $
27Tayvan123 700 $
28İspaniya123 600 $
29Gürcüstan121 000 $
30Səudiyyə Ərəbistanı116 300 $
31İsveç112 200 $
32Portuqaliya98 200 $
33Yunanıstan97 900 $
34Panama97 151 $
35Çin92 600 $
36Slovakiya90 600 $
37Cənubi Koreya87 700 $
38Cənubi Afrika86 500 $
39Çexiya85 100 $
40Estoniya83 200 $
41Litva80 100 $
42Kosta Rika78 300 $
43Qvatemala76 100 $
44Çili74 310 $
45Ekvador72 600 $
46Latviya71 200 $
47Malayziya64 200 $
48Macarıstan63 200 $
49Türkiyə63 100 $
50Uruqvay63 100 $
51Bolqarıstan63 090 $
52Xorvatiya62 622 $
53Rumıniya62 300 $
54Polşa61 400 $
55Trinidad və Tobaqo57 900 $
56İraq56 700 $
57İndoneziya55 400 $
58Braziliya51 984 $
59Tailand50 900 $
60Vyetnam46 900 $
61Yamayka46 800 $
62Meksika44 700 $
63Ukrayna42 600 $
64Rusiya41 300 $
65Mərakeş40 900 $
66Peru40 500 $
67Kolumbiya38 500 $
68Qazaxıstan35 800 $
69Bosniya və Herseqovina35 425 $
70Hindistan31 200 $
71Dominikan Respublikası24 900 $
72Filippin22 700 $
73Argentina21 089 $
74Pakistan18 600 $
75Misir15 900 $
76Azərbaycantəxminən 13 060 $*
77Belarus12 566 $

E. Bəyməmmədli

"AzPolitika.info"