Qazaxıstan Avropa Komissiyası (AK) ilə Transxəzər "yaşıl" enerji dəhlizi layihəsinin qarşılıqlı maraq doğuran layihələr (PMI) siyahısına daxil edilməsi məsələsi üzərində işləyir.

"AzPolitika" xəbər verir ki, bu barədə "Report"a ölkənin Energetika Nazirliyindən bildirilib.

"Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "yaşıl" enerjinin inkişafı və ötürülməsi layihəsi üçtərəfli enerji əməkdaşlığının mühüm təşəbbüsü kimi çıxış edir. Hazırda texniki-iqtisadi əsaslandırmanın hazırlanması aparılır və onun 2027-ci ilin yanvarında başa çatdırılması planlaşdırılır", - nazirlikdən bildirilib.

Həmçinin qeyd edilib ki, bu layihənin beynəlxalq səviyyədə təşviqi üzrə işlər aparılır.

"İnstitusional dəstəyi gücləndirmək üçün Qazaxıstan tərəfi layihənin qarşılıqlı maraq kəsb edən layihələr (Projects of Mutual Interest, PMI) siyahısına daxil edilməsi məsələsi ilə bağlı Avropa Komissiyası ilə qarşılıqlı əlaqə təşəbbüsü ilə çıxış edib", - qurumdan bildirilib.

Texniki-İqtisadi Əsaslandırmanın (TİƏ) hazırlanması üzrə məsləhətçi qismində İtaliyanın aparıcı beynəlxalq konsaltinq şirkəti olan "CESI" müəyyən edilib. TİƏ-nin hazırlanmasının yekunlarına əsasən layihənin maliyyə modeli və əsas texniki parametrləri müəyyənləşdiriləcək.

TİƏ-nin hazırlanmasının dəyəri təqribən 1 milyon avrodur, maliyyələşdirmə Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankının qrant vəsaitləri hesabına həyata keçirilir.

Xatırladaq ki, "Azərenerji" ASC, "KEGOC" və "Özbəkistanın Milli Elektrik Şəbəkələri" 1 iyun 2025-ci il tarixində "Mərkəzi Asiya - Azərbaycan Transxəzər "yaşıl" enerji dəhlizi layihəsinin həyata keçirilməsi üçün "Yasil Dehliz Birliyi" MMC-nin yaradılması haqqında sənəd imzalayıblar.