Londonda neyrocərrahlar süni intellektin köməyi ilə beyin şişinin çıxarılması üzrə dünyada ilk uğurlu əməliyyatı həyata keçiriblər. Əməliyyat zamanı süni intellekt kameralar vasitəsilə görüntüləri real vaxt rejimində analiz edərək beyində qorunması vacib olan sinirlər və qan damarları kimi anatomik strukturları müəyyənləşdirib.

"AzPolitika" xəbər verir ki, əməliyyat may ayında London Universitet Kollecinin tərkibindəki Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanasında aparılıb. 48 yaşlı Ris Hibbertin hipofiz vəzindəki 11 millimetrlik şiş çıxarılıb və onun görmə qabiliyyəti qorunub.

Yeni texnologiya beyindəki ən kiçik anatomik strukturları tanıyaraq onları rənglərlə fərqləndirir. Həkimlər bildiriblər ki, hipofiz, qan damarları və görməyə cavabdeh sinirlər bir-birinə çox yaxın yerləşdiyindən, bir millimetrlik səhv belə korluğa, insult və ya ölümə səbəb ola bilər.

Əməliyyatdan bir həftə sonra Hibbert eynəksiz və əsa olmadan yeriyə bilib, daha sonra isə işinə qayıdıb. Həkimlərin sözlərinə görə, onun görmə problemləri müalicə olunmasaydı, tam korluq riski vardı.

Süni intellekt sistemi yüzlərlə cərrahi əməliyyatın video görüntüləri əsasında öyrədilib və real vaxt rejimində kritik anatomik strukturları, cərrahi alətləri və toxumalar arasındakı əlaqəni müəyyənləşdirmək üçün hazırlanıb.

Əməliyyatı maliyyələşdirən Milli Səhiyyə və Sosial Qayğı Tədqiqatları İnstitutunun (NIHR) elmi direktoru Mayk Lyuis qeyd edib ki, bu yenilikçi əməliyyat süni intellektin cərrahlara dəstək olmaq və pasiyentlərə göstərilən tibbi yardımı yaxşılaşdırmaq potensialını nümayiş etdirib.(publika.az)