“Hər evə ayrılıqda hücum etmək lazım deyil. Onları sadəcə, yer üzündən silmək lazımdır”.
“AzPolitika” xəbər verir ki, bunu Kremlin baş təbliğatçısı sayılan Vladimir Solovyov son efirində Donbasın hələ işğal edilməyən ərazisi, xüsusilə də etnik rusların üstünlük təşkil etdiyi Slavyansk şəhəri barədə deyib.
Solovyov açıq şəkildə yerli əhaliyə qarşı terror çağırışı edərək, rus ordusunun mülki əhaliyə fikir vermədən, şəhərləri yer üzündən silməyə çağırıb. Hətta baxmayaraq ki, həmin şəhərlərdə əsasən rus əsilli Ukrayna vətəndaşları yaşayır və bu şəhərlər Rusiyanın yeni Konstituisiyasına görə guya Rusiya ərazisidir.
Solovyov deyib ki, bu ərazilərdə yaşayan insanlar artıq Rusiyaya lazım deyillər: “Bizə onların sevgisi, dərk etmələri, günahlarını etiraf etməsi lazım deyil. Bizə lazımdır ki, onlar gəbərsinlər!”.
Solovyova görə, Ukraynanın nəzarətindəki şəhərlərdə qalan mülki şəxslər vaxtında Rusiya tərəfə keçməli idilər. Keçməyiblərsə, deməli məhv edilməlidirlər:
“Tamamilə acımasız olmaq lazımdır. Zelenski iki qatı nasisti – Biletski və Prokopenkonu Slavyansk və Kramatorskun müdafiəsinə cəlb edib. Tüpürmək lazımdır. Sadəcə, hər evi ayrı-ayrılıqda şturmla götürmək lazım deyil. Onları sadəcə, yer üzündən silmək lazımdır. Termobarik silahlarla(vaakum bombası), hər nə ilə olursa olsun. Hər zirzəmiyə girməyə cəhd etmək lazım deyil. Hər şeyi yer üzündən silmək lazımdır”.
Bu arada qeyd edək ki, Solovyovun dediyi şəhərlərin əhalisi Vladimir Putindən Sergey Lavrova və Aleksandr Duqinə qədər bütün Rusiya rəhbərliyi və ideoloqları tərəfindən “ruslar”, “Rus dünyasının ayrılmaz hissəsi”, onların yerləşdiyi ərazi isə Rusiya konstitusiyasına görə Rusiya ərazisi elan edilib. Rusiya XİN başçısı Sergey Lavrov Ukarynaya qarşı işğalçı müharibəyə haqq qazandırmaq üçün xarici jurnalistlərə müsahibəsində demişdi ki, Rusiyanın məqsədi Donbasda yaşayan rusları “azad etməkdir”. Vladimir Putin isə dəfələrlə bəyan edib ki, orada ruslar yaşayır və Rusiya guya onların köməyinə gəlib. İndi isə faktiki olaraq, Solovyov həmin rusların yaşadıqları şəhərləri yer üzündən silməyə və onların özlərini kütləvi şəkildə qətl etməyə çağırır. Əslində, Rusiyanın öz qanunvericiliyinə görə, Rusiya şəhərlərini və rusları məhv etməyə dair belə çağırışlar ağır cinayət əməlidir və ağır şəkildə cəzalandırılır. Lakin sıravi ruslara və qeyri millətlərə qarşı işləyən qanunlar artıq çoxdandır solovyovlar, kiselyovlar, skabeyevalar, zatulinlər və s. üçün işləmir...
Ardınca, Solovyov Ukrayna paytaxtı Kiyevi gecələr yox, əhalinin küçələrdə olduğu gündüz vaxtı bombalamağa çağırıb: “Bəsdir Kiyevi tələfat olmasın deyə, gecələr bombaladıq. Elə vurmaq lazımdır ki, tələfat olsun! Daşlarla yox, insanlarla döyüşmək lazımdır. Orada nə deyəcəklərinə tüpürmək lazımdır. Bizimkilər hamısı artıq buradadır. Orada anacq düşmənlərdir. Ona görə də qətiyyətlə və amansız davranmaq lazımdır. Sadəcə, orada nə varsa, hamısını məhv edin!”.
Daha sonra Solovyov rusların üstünlük təşkil etdiyi Xarkovu da məhv etməyə çağırıb: “Xarkovu məhv edin! Xarkov onda olan bütün rusluğa xəyan etdi”.
Faktiki Rusiya rəsmisi olan Dövlət Duması sədrinin müavini, hakim “Vahid Rusiya” partiyasının Moskva şöbəsinin rəhbəri Pyotr Tolstoy isə eyni çağırışları Rusiya televiziyasının 1-ci kanalının efirində səsləndirib:
“Deyirik ki, “qardaş xalqdır”, cəmiyyət əzab çəkməli deyil, onlar seçməyiblər, onlar günahsızdırlar, orada uşaqlar var və sair. Bəsdir artıq. Bəsdir. Xəbərdarlıq etməliyik ki, bir günə mülki əhali şəhəri tərk etsin(Bu, heç fizki olaraq da mümkün deyil-red.). Vəssalam”. Ardınca vitse-spiker Tolstoy Ukraynadakı ruslu-ukraynalı bütün əhalini heyvana bənzədib: “Biz həmin bu “günahsız” dediyimiz toplumu o dərəcədə demoralizə etməliyik ki, onlar pəncələrini(əllərini yox, pəncələrini -red.)qaldırıb bizim qoşunları qarşılamağa çıxsınlar. Vəssalam. Bütün tapşırıq budur!”.
Solovyov və Tolstoy bütün bunları Rusiya dövlətinin vəsaiti ilə çalışan rəsmi dövlət kanalının efirində deyib və bununla faktiki olaraq Rusiya dövlətinin mövqeyini ifadə etmiş olublar. Bu, artrıq bütün maskaların sökülüb atılması və faktiki qətliam, soyqırım, uşaqlı-böyüklü mülki əhaliyə qarşı hərbi cinayət çağırışıdır. Özü də öz milətindən, dinindən olan günahsız insanlara qarşı...
Bütün bu efirlərə, bəyanatlara Azərbaycanda oturub, hələ də Rusiyanı müdafiə edən, el dilində “rusbaş” adlandırılan həmvətənlərimizin də baxması, dinləməsi lazımdır...
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər