Menu

Kanat faciəsinin pərdəarxası: Tros niyə qırıldı və sahibkarı hansı cəza gözləyir?

09.09.2026, 14:30
Kanat faciəsinin pərdəarxası: Tros niyə qırıldı və sahibkarı hansı cəza gözləyir?

Şəki rayonunda fəaliyyət göstərən "Şəki yaylası"nda kanatın trosunun qırılması və iki nəfərin həyatını itirməsi gündəmin əsas müzakirə mövzusuna çevrilib. Bu məsələ həm də əyləncə mərkəzlərində təhlükəsizlik qaydalarına riayət olunub-olunmadığını, eləcə də buna kimin nəzarət etdiyini gündəmə gətirib.

Maraqlıdır, bu cür halların təkrarlanmaması üçün hansı təhlükəsizlik tədbirləri və cəza mexanizmləri olmalıdır? Bu halda əyləncə mərkəzinin sahibini hansı cəza gözləyə bilər?

Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən Təhlükəsizlik üzrə ekspert Orxan Musayev deyib ki, turizm və istirahət mərkəzlərində istifadə olunan kanat, zıplayn və digər əyləncə qurğuları birbaşa insan həyatı ilə bağlı və nəzarət tələb edən texniki qurğulardır:

"Ölkəmizdə qüvvədə olan normativ qaydalara əsasən sərnişindaşıyan bu sistemlər qanunvericilikdə təhlükə potensiallı obyekt statusuna malikdir və mütləq dövlət reysterində qeydiyyata alınmalıdır. Bu, o deməkdir ki, həmin qurğuların istismarı heç kimin şəxsi istəyinə deyil, dövlətin təyin etdiyi konkret texniki reqlamentlərə tabedir. Həmin qaydalara görə, insan daşıyan polad trosların möhkəmlik ehtiyatı faktiki düşən canlı yükdən ən azı 3-4 qat ağırlığa hesablanmalıdır. Nəzərə almaq lazımdır ki, polad tros adi məftil deyil, xüsusi hörülən möhkəm materialdır və onlar saniyə içində qırılmırlar. Bu troslar qırılmazdan əvvəl telləri tək-tək didilir, korroziyaya uğrayır, bərkidilmə nöqtələrində əyilmələr baş verir. Qaydalarda da aydın göstərilib ki, trosun diametri paslanmadan və sürtünmədən 7 faiz kiçilərsə, yaxud daxili metal kəsiyinin 10 faizi yeyilərsə, dərhal yararsız sayılmalı və istismardan çıxarılmalıdır".

Ekspertin sözlərinə görə, dünya təcrübəsində bu cür troslarla bağlı əsas prinsiplər mövcuddur:

"İnsan daşınan yerdə təhlükəsizlik təkcə trosa etibar edilməməlidir. Mütləq paralel şəkildə ikinci ehtiyat xətt olmalıdır. Əsas trosda hansısa qırılma baş versə, ondan istifadə edən şəxs bədbəxt hadisə ilə üzləşməsin. Digər ən vacib amil isə personal və bələdçi xidmətidir. Onlar komissiya qarşısında bilik yoxlamasından keçən şəxslər olmalıdır. Vətəndaşa texniki qaydaları izah etməli, çəki limitinə nəzarəti həyata keçirməlidir. Ən əsası kəmər və trosda kiçik nöqsan görsə, qurğunu dayandırmalıdır. Görünür bu qaydalara əməl edilmədiyindən hadisə baş verib. Hərçənd standartlar hər zaman ön planda dayanmalıdır".

Azərbaycan İstehlakçılar Şurasının sədri, vəkil Roman Qaraşov isə saytımıza açıqlamasında bildirib ki, hazırkı mərhələdə istirahət mərkəzinin sahibini konkret olaraq hansı cəzanın gözlədiyini demək tezdir:

"Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır. İlk növbədə trosun hansı səbəbdən qırıldığı, qurğuya vaxtında texniki baxış keçirilib-keçirilmədiyi, nasazlığın əvvəlcədən məlum olub-olmadığı və ümumiyyətlə, həmin qurğunun təhlükəsiz istismarına kimin cavabdehlik daşıdığı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, vəzifəli şəxsin öz xidməti vəzifəsinə laqeyd və ya vicdansız münasibəti nəticəsində vəzifəsini yerinə yetirməməsi və bunun ağır nəticələrə səbəb olması səhlənkarlıq kimi qiymətləndirilə bilər. Əgər istintaq müəyyən etsə ki, istirahət mərkəzinin rəhbəri və ya təhlükəsizliyə cavabdeh şəxs qurğunun texniki vəziyyətinə nəzarət etməli olduğu halda bunu həyata keçirməyib, təhlükəli vəziyyətin qarşısını almaq imkanı olduğu halda lazımi tədbirləri görməyib və məhz bu səhlənkarlıq iki nəfərin ölümünə səbəb olub, o zaman Cinayət Məcəlləsində belə hal üçün üç ildən yeddi ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Burada vacib məqam odur ki, sadəcə obyektin sahibi olmaq şəxsin avtomatik cinayət məsuliyyətinə cəlb edilməsi demək deyil. Cinayət Məcəlləsi kommersiya təşkilatlarının rəhbərlərini və təşkilati, sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxsləri də müəyyən hallarda vəzifəli şəxs kimi qəbul edir. Ona görə də istintaq sənədlər əsasında müəyyənləşdirməlidir ki, təhlükəsizliyə nəzarət öhdəliyi məhz sahibin, direktorun, texniki məsul şəxsin, yoxsa başqa əməkdaşın üzərində olub. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun vətəndaşa göstərilən xidmətin onun həyatı və sağlamlığı üçün təhlükəsiz olmasını əsas tələb kimi müəyyən edir. Amma istintaq yekunlaşmadan bunu konkret olaraq mərkəzin sahibinin üzərinə qoymaq və onun mütləq müəyyən cəza alacağını söyləmək hüquqi baxımdan doğru deyil. İşin nəticəsindən asılı olaraq istintaq əmələ başqa hüquqi tövsif də verə bilər".

Günəş fərəh

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol