Menu

Hörmüz uğrunda BÖYÜK SAVAŞ: ABŞ İranı diz çökdürə biləcək?

09.09.2026, 17:04
Hörmüz uğrunda BÖYÜK SAVAŞ: ABŞ İranı diz çökdürə biləcək?

ABŞ və İran arasında qarşıdurma yenidən güclənib. Tərəflər bir birilərinə qarşı hava zərbələrindən istifadə edərək hücumlar həyata keçirirlər. Lakin bir müddət sonra Trampın hansısa atəşkəs bəyanatı səslənir, ara sakitləşir və tərəflər danışıqlara başlayırlar. Ancaq bu hal uzun çəkmir və ABŞ yenidən İranı bombalamağa başlayır. Maraqlıdır, bu cür hallar nə vaxta kimi davam edəcək və tərəflərin məqsədi nədir? Ümumiyyətlə, qarşıdurma genişmiqyaslı müharibəyə çevriləcəkmi?

Mövzu ilə bağlı "Azpolitika"ya danışan siyasi şərhçi Elmir Səftərovun sözlərinə görə, artıq altı aydan çoxdur ki, ABŞ və İran arasında faktiki qarşıdurma davam edir:

"Bu müddət ərzində ABŞ-ın əsas məqsədlərində müəyyən dəyişikliklərin olduğu görünür. ABŞ-ın ilkin məqsədi əsasən İranın nüvə və raket imkanlarını zəiflətmək və Tehranın Vaşinqtonun maraqlarına uyğun müəyyən razılaşmaya getməsinə nail olmaq idi. Lakin bu məqsədlər tam şəkildə həyata keçirilmədi. Hazırda isə ABŞ üçün başqa məsələlər də daha böyük əhəmiyyət daşıyır. Xüsusilə, Hörmüz boğazının açıq saxlanılması və İranın neft gəlirlərinin məhdudlaşdırılması Vaşinqtonun əsas prioritetləri sırasında yer alır. Çünki İranın neft gəlirləri həm iqtisadiyyatını ayaqda saxlamağa, həm də hərbi imkanlarını maliyyələşdirməyə kömək edir.

Bununla yanaşı, ABŞ iqtisadi təzyiqi artırmaq və İranı nüvə proqramı ilə bağlı müəyyən razılaşmaya məcbur etmək istəyir. Lakin Vaşinqton uzunmüddətli və genişmiqyaslı müharibəyə cəlb olunmaq niyyətində deyil. ABŞ anlayır ki, uzunmüddətli qarşıdurma İranı geri addım atmağa məcbur etməyibsə, yalnız hərbi zərbələrlə bunu həyata keçirmək asan olmayacaq.

Bu səbəbdən ABŞ həm hərbi təzyiq göstərir, həm də diplomatik kanallardan istifadə edir. Vaşinqtonun məqsədi mümkün qədər İranı geri çəkilməyə və danışıqlar masasına gətirməyə çalışmaqdır. Çünki Amerikanın əvvəlki uzunmüddətli Yaxın Şərq müharibələrindən kifayət qədər təcrübəsi var".

Ekspert bildirib ki, belə müharibələr ABŞ-a milyardlarla dollara başa gəlib və ölkənin beynəlxalq nüfuzuna da mənfi təsir göstərib:

"İran isə öz növbəsində ABŞ-ın təzyiqlərinə cavab verir. Tehran bununla göstərmək istəyir ki, Amerikanın diktəsi ilə hərəkət etmir və yalnız qarşılıqlı maraqlara əsaslanan razılaşmaya hazırdır. Yəni ABŞ İranı zəiflədərək öz şərtlərini qəbul etdirməyə çalışırsa, İran da göstərmək istəyir ki, Vaşinqtonun bütün tələblərini qəbul etməyəcək.

Əslində hər iki tərəf genişmiqyaslı müharibənin baş verməsini istəmir. Belə bir müharibə nə ABŞ, nə İran, nə də bütövlükdə region üçün arzuolunandır. Müharibənin genişlənməsi həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan ciddi nəticələr yarada bilər.

Lakin problemin uzun müddət davam etməsi də mümkündür. Çünki tərəflərin müzakirə etməli olduğu çoxsaylı məsələlər var. Bunların arasında İranın nüvə proqramı, raket imkanları, Hörmüz boğazının təhlükəsizliyi, İranın neft ixracı, ABŞ-ın sanksiyaları və Tehranın regionda dəstəklədiyi silahlı qüvvələr əsas yer tutur. İran isə bu məsələlərin əksəriyyətində ciddi güzəştlərə getmək istəmir.

ABŞ, xüsusilə İranın nüvə proqramına müəyyən məhdudiyyətlərin qoyulmasında maraqlıdır. Eyni zamanda, Vaşinqton İranın neft ixracı məsələsində də öz maraqlarını təmin etməyə çalışır. İran isə nüvə proqramının hərbi deyil, mülki məqsədlərə xidmət etdiyini bildirir. Raket imkanları və digər məsələlərə isə öz suverenliyi və müstəqil qərarvermə hüququ kimi yanaşır. Buna görə də Tehran bu sahələrdə geri çəkilməyə həvəsli deyil".

Elmir Səftərov əlavə edib ki, İran razılaşmaya getmədikcə ABŞ yeni sanksiyalar tətbiq edir və iqtisadi təzyiqi artırır:

"Lakin bu təzyiq hazırda İranı güzəştə getməkdən daha çox sərt və prinsipial mövqe tutmağa sövq edir. Əsas problem də budur: hər hansı razılaşma qarşılıqlı güzəştlər tələb edir, amma tərəflər hələlik hansı məsələdə nə qədər geri addım atmalı olduqları barədə razılığa gələ bilmirlər.

Genişmiqyaslı müharibənin hər iki tərəf üçün ciddi risklər yaratdığı aydındır. Məsələyə yalnız ABŞ-İran münasibətləri çərçivəsində baxmaq da düzgün olmaz. Müharibənin genişlənməsi neft qiymətlərinin kəskin artmasına və bunun nəticəsində dünya iqtisadiyyatının ciddi zərər görməsinə səbəb ola bilər. ABŞ daxilində siyasi narazılıq arta, İran isə Amerikanın regiondakı müttəfiqlərini də qarşıdurmaya cəlb edə bilər.

Bununla belə, müharibələr həmişə rasional hesablamalar əsasında idarə olunmur. Ani qərarlar, gözlənilməz hadisələr və xüsusilə böyükmiqyaslı hərbi zərbələr vəziyyəti sürətlə dəyişə və daha geniş müharibəyə səbəb ola bilər. ABŞ-ın regionda hərbi bazaları, strateji maraqları və müxtəlif layihələri də nəzərə alınmalıdır. Münaqişə uzun müddət davam edərsə, Amerikanın regiondakı mövqeləri və maraqları da daha böyük təhlükə ilə üzləşəcək.

Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, yaxın perspektivdə ABŞ və İran arasında müəyyən razılaşmanın əldə olunması mümkündür. Lakin bunun üçün hər iki tərəf öz prinsipial mövqeyindən müəyyən qədər geri çəkilməli və qarşılıqlı güzəştlərə getməlidir. Əks halda qarşıdurmanın uzun müddət davam etməsi və zaman-zaman yenidən kəskinləşməsi ehtimalı yüksək olaraq qalacaq".

Günəş Fərəh

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol