Kəlbəcər şəhərinin inkişaf konsepsiyasına əsasən, 2040-cı ilədək şəhər əhalisinin 17 min nəfərə çatacağı proqnozlaşdırılır.
“AzPolitika” xəbər verir ki, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev diplomatik korpus nümayəndələrinin səfəri zamanı şəhərdə aparılan tikinti və yenidənqurma işləri barədə məlumat verib.
Onun sözlərinə görə, Kəlbəcər şəhərində yeni yaşayış məhəllələrinin və sosial infrastrukturun yaradılması istiqamətində işlər davam etdirilir.
Baş plana əsasən, dördüncü yaşayış məhəlləsində 807, ikinci yaşayış mərhələsində 182 mənzilin inşası, üçüncü yaşayış məhəlləsində isə 176 mənzilin sakinlərə təhvil verilməsi nəzərdə tutulur. İctimai zonadakı altı yaşayış binasının ümumilikdə 162 mənzildən ibarət olduğu bildirilir.
Bəşir Hacıyev yeni yaşayış binalarının isti su, qaz və sürətli rabitə infrastrukturu ilə təmin ediləcəyini deyib.
Şəhərdə 528 şagird yerlik məktəb, uşaq bağçası, emalatxanalar, inzibati bina və stadionun yaradılması da planlaşdırılır. Təxminən 11 hektarlıq mərkəzi parkın layihələndirilməsinin yekunlaşdırıldığı, Kəlbəcər Mərkəzi Xəstəxanasının isə layihələndirmə mərhələsində olduğu açıqlanıb.
Kəlbəcər şəhərinin Baş planı barədə əvvəlki rəsmi təqdimatda da şəhər əhalisinin gələcəkdə 17 min nəfərə çatmasının proqnozlaşdırıldığı göstərilib. Bu rəqəm yeni köçürüləcək şəxslərin dəqiq sayı deyil, şəhərin nəzərdə tutulan ümumi əhali göstəricisidir.
Tikinti və köçürülmə prosesinin faktiki qrafiki layihələrin icra vəziyyətindən asılı olaraq mərhələlərlə dəqiqləşdiriləcək.(Trend)
AzPolitika.info


Şərhlər