Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik şuralarının katibləri ilə keçirdiyi görüşdəki çıxışı Cənubi Qafqaz və Mərkəzi Asiyanı əhatə edən geniş coğrafiyada yeni təhlükəsizlik və inteqrasiya arxitekturasının formalaşdırılması baxımından proqram xarakterli sənəd hesab oluna bilər.
Belə ki, Rəsmi Bakının təşəbbüskar rolu, geosiyasi reallıqlar və xarici ideoloji təhdidlərə qarşı mübarizəsi dövlət başçısının çıxışnda ümumiləşdirilib.
Körpü rolunu oynayan Azərbaycan TDT çərçivəsində sadəcə iştirakçı deyil, həm də strateji məsələlərin formalaşdırıldığı mərkəzi platformadır. Bir neçə gün fərqlə əvvəlcə üzv ölkələrin dini liderlərinin, ardından isə Təhlükəsizlik Şuraları katiblərinin Bakıda toplanması Bakının həm mənəvi-mədəni, həm də hərbi-siyasi təhlükəsizlik məsələlərinin müzakirə edildiyi ən etibarlı diplomatik məkana çevrildiyini təsdiqləyir. 2009-cu il Naxçıvan Zirvəsindən başlayan yol bu gün TDT-ni qlobal arenada söz sahibinə çevirmək məqsədinə xidmət edir.
“Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var... Biz TDT-ni birgə səylərimizlə aparıcı beynəlxalq institutlardan, aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq,” – ölkə başçısı vurğulayıb.

Prezident çıxışında mühüm bir iqtisadi-geosiyasi formul irəli sürüb: enerji və nəqliyyat bağlantıları olmadan ümumi təhlükəsizlikdən danışmaq mümkün deyil. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan Mərkəzi Asiyanın karbohidrogen və yük resurslarının Xəzər üzərindən Avropaya çatdırılmasında əvəzolunmaz tranzit habıdır. Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars və Orta Dəhliz kimi nəqliyyat arteriyaları təkcə ticarət dövriyyəsini artırmır, eyni zamanda TDT üzvü olan dövlətlərin strateji bağlılığını gücləndirir.
“Bu gün enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan, ümumiyyətlə təhlükəsizlikdən danışmaq mümkün deyil... Avropa ilə Asiyanın qovşağında yerləşən və həm TDT-yə üzv Mərkəzi Asiya ölkələri, həm də Türkiyə ilə fəal qarşılıqlı əlaqədə olan Azərbaycanın coğrafi mövqeyi bütün ölkələrimiz üçün maksimum fayda ilə nəqliyyat və enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsində oynadığımız rolu şərtləndirir”, - deyə, Prezident qeyd edib.
Bakının xarici siyasətində Türk dünyasına verilən üstünlük doktrinal xarakter daşıyır. Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında bəyannamələr imzalaması, birgə investisiya fondları təsis etməsi bu inteqrasiyanın əməli müstəviyə keçdiyini göstərir: “Açıq çıxışlarımda dəfələrlə ifadə etdiyim kimi, bu, bizim əsas xarici siyasət prioritetimizdir. O cümlədən demişəm ki, Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur... Əgər fəal iqtisadi siyasətlə, o cümlədən sosial infrastrukturun yaradılması və iş yerlərinin sayının artırılması ilə dəstəklənməzsə, müəyyən problemlər yarana bilər. Lakin ölkələrimizdə həm iqtisadi artımın, həm də sosial rifahla bağlı məsələlərin uğurla həll edildiyini görürük”.

Prezident çıxışında regionun mövcud hərbi-siyasi mənzərəsini də açıq mətnlə təsvir edib. Azərbaycanın həm şimal, həm də cənub qonşularının müharibə şəraitində olması gərgin perimetr yaratmaqla yanaşı, operativ kəşfiyyat-məlumat mübadiləsini və koordinasiyalı təhlükəsizlik siyasətini şərtləndirir. Lakin təhdidlər təkcə hərbi risklərlə bitmir, həm də ideoloji diversiyalar və hibrid təzyiqlər forməsında təzahür edir.
“Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür... Azərbaycan haqqında danışsaq, həm şimalda, həm də cənubda qonşularımız müharibə aparan ölkələrdir... Ölkələrimizə və xalqlarımıza zidd hər cür ideoloji təxribatlara qarşı birgə mübarizə aparmaq lazımdır. O cümlədən adətən ölkələrimizin hüdudlarından çox uzaqda yerləşən, lakin nədənsə məlum mərkəzlərdən maliyyələşən müxtəlif media strukturları vasitəsilə həyata keçirilən təxribatlara qarşı” - deyə, Prezident bildirib.
Dövlət başçısı xaricdən idarə olunan şəbəkələrin daxili sabitliyi pozmaq cəhdlərinin iflasa uğradığını xüsusi vurğulayıb: “Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıca tendensiyadır”.

Prezident İlham Əliyev kənar güclərin əsas hədəf kimi məhz formalaşmaqda olan gənc nəsli seçdiyini xüsusi vurğulayaraq, TDT çərçivəsində vahid vətənpərvərlik və gənclər siyasətinin zəruriliyini bəyan edib: “Bədxahlarımız əsas səylərini hələ formalaşmamış, formalaşma mərhələsində olan və manipulyasiya etməyin daha asan olduğu gənc nəslə yönəldirlər... TDT çərçivəsində məhz gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik, müntəzəm tədbirlər, forumlar, konfranslar keçirməliyik ki, gənc vətəndaşlarımız bir-biri ilə ünsiyyət qursunlar. Onlar qohum xalqlara bizim nəslin münasibət göstərdiyi kimi münasibət göstərsinlər.”
Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, qlobal xaos və müharibələr dövründə Türk Dövlətləri Təşkilatının təhlükəsizlik, iqtisadiyyat və ideoloji sahədə monolit bir blok kimi çıxış etməsi artıq arzu deyil, mövcudluq və inkişaf şərtidir. Bakı bu süreçdə ideoloji, siyasi və iqtisadi mərkəz kimi liderlik missiyasını davam etdirir.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər