İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasına qatılmaq üçün BMT-nin mənzil-qərargahının yerləşdiyi Nyu-Yorka gəlib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Pezeşkianı İranın BMT-dəki səfiri və ölkənin BMT-dəki daimi nümayəndəsinin müavini də daxil olmaqla, İran diplomatları qarşılayıblar.
İran nümayəndə heyətinə Prezident Pezeşkian, Xarici işlər naziri Abbas Əraqçi və əsas diplomatik heyət daxildir. ABŞ əsas İran nümayəndə heyətinə viza versə də, Pezeşkianın mətbuat xidmətinin bəzi üzvləri də daxil olmaqla, heyətin bir neçə əlavə üzvünə giriş vizası verməkdən imtina edib.
Zirvə görüşü zamanı Pezeşkian iştirakçı ölkələrin bir neçə dövlət başçısı, eləcə də müxtəlif siyasi və mədəni xadimlərlə görüş keçirəcək. Onun Baş Assambleya Zalındakı rəsmi çıxışı bu gün baş tutacaq.
Lakin bu kontekstdə ən çox müzakirə olunan mövzu Pezeşkianın ABŞ Prezidenti Donald Trampla mümkün görüşüdür. Qeyd edək ki, bu səfər ABŞ ilə İran arasında davam edən müharibə fonunda və Tramp administrasiyasının İran nümayəndə heyətinə BMT-nin Qərargah Sazişi çərçivəsində ev sahibi ölkənin öhdəliklərinə uyğun olaraq iştirak etməyə icazə verəcəyini təsdiqləməsindən sonra baş verir.
Mümkün Tramp-Pezeşkian görüşünə gəlincə, bu barədə artıq bir neçə gündür ki, müzakirələr aparılır. Lakin hazırda BMT çərçivəsində ABŞ və İran prezidentləri arasında ikitərəfli görüş üçün konkret razılaşma və ya cədvəl yoxdur. Baxmayaraq ki, Tramp və ABŞ dövlət katibi Marko Rubio, “əgər müsbət nəticə verərsə”, Ağ Evin Pezeşkianla şəxsi görüşə hazır olduğunu bildiriblər.
Donald Tramp bir neçə gün əvvəl "Fox News" telekanalına açıqlamasında deyib ki, BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşməyə, böyük ehtimalla, hazırdır.
Bəs, İran tərəfi görüşlə bağlı nə düşünür? Rəsmi Tehran BMT sessiyasını diplomatik münasibətləri bərpa etmək üçün "qızıl fürsət" kimi qiymətləndirir. Bunu İranın yüksək vəzifəli rəsmisi “Reuters” agentliyinə bildirib və əlavə edib ki, ABŞ-yə səfər edən İran nümayəndə heyəti danışıqlar aparmaq üçün tam səlahiyyətə malikdir.
Bundan öncə İran rəsmiləri ABŞ blokadanı qaldıracağı təqdirdə, Hörmüz boğazını bir neçə gün ərzində gəmiçilik üçün yenidən açmaq da daxil olmaqla, güzəştlərə getməyə hazır olduqlarını bildiriblər.
Vaşinqtonun sərt ritorikasına cavab olaraq, İran rəsmiləri bildirirlər ki, Prezident Pezeşkian ölkəsinin mövqeyini dünyaya çatdırmaq və gərginliyi azaltmaq üçün "müdrikcəsinə və İranın milli maraqlarına uyğun" hərəkət edir. Bunu İslam Respublikasının Moskvadakı səfiri Kazem Cəlali bildirib.
Bu arada Trampın yeni razılaşmanın rədd ediləcəyi təqdirdə Tehranı "tamamilə məhv etməklə" açıq şəkildə təhdid etməsinə baxmayaraq, İran-ABŞ danışıqları artıq başlayıb. Dünən Donald Tramp xüsusi elçilərinin (Cared Kuşner və Stiven Uitkoff) İran nümayəndə heyəti ilə üç saatlıq danışıqlar apardığını təsdiqləyib.
Bir sözlə, ABŞ-İran münasibətlərində qeyri-müəyyənlik qalsa da, tərəflərin hansısa razılaşmaya gəlmək üçün çalışdıqları aydın görünür. Lakin bu təmasların Tramp-Pezeşkian görüşünə qədər yüksələcəyi hələlik o qədər də inandırıcı görünmür. Buna baxmayaraq, hazırda dünya siyasətində əvvəllər ağıla gəlməyən hadisələrin cərəyan etdiyini nəzərə alsaq, heç nəyi istisna etmək olmaz...
Cəlal Məmmədli
“AzPolitika.info”


Şərhlər